Prezident İlham Əliyev: "Bu Qələbə bütün dünyaya bizim böyük xalq olduğumuzu göstərdi" TƏHLİL

Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazanaraq Zəfər tarixini əbədiləşdirdi. Ermənistanın 30 ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoyuldu. Bir il bundan əvvəl şanlı tariximizin yeni səhifələri yazıldı. 27 sentyabr tarixindən başlanan Vətən müharibəsində Azərbaycan elə ilk günlərdən qələbə qazanaraq qələbədən-qələbəyə doğru addımladı. Ötən bir il ərzində Azərbaycan dünyaya öz gücünü göstərə bildi. "27 ildən sonra biz işğala son qoyduq, düşməni öz torpağımızdan qovduq. Müzəffər Azərbaycan Ordusu öz şərəfli missiyasını şərəflə yerinə yetirdi. İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi və milli ruhumuzu göstərdi. Göstərdi ki, biz heç vaxt o vəziyyətlə barışmaq fikrində deyildik. Əgər qubadlılılar digər keçmiş köçkünlər kimi, hər il böyük ürəkağrısı ilə işğal günündə yığışırdılarsa, bundan sonra artıq o tarix tamamilə silindi, ancaq 25 oktyabrda hamımız bayram edəcəyik". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 25-də Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bildirib. Bir il əvvəl Azərbaycan Ordusu Qubadlını erməni işğalından azad edərək böyük qələbə qazandı. "25 oktyabr müharibənin gedişatında önəmli yer tutub", - deyən Azərbaycan Prezidenti bildirib ki, Qubadlı azad olunandan sonra Laçın istiqamətində yolumuz açıldı və bir neçə gündən sonra biz Laçının cənub hissəsində yerləşən kəndləri də azad etdik: "Beləliklə, Laçın dəhlizini nəzarətə götürdük və artıq müharibənin taleyi həll edilmişdi. Düzdür, hələ Şuşa uğrunda şiddətli döyüşlər qabaqda idi, digər yaşayış məntəqələrimizin azad olunması ilə bağlı əməliyyat planları hazırlanırdı, ancaq artıq həm bütün dünya, həm də düşmən gördü ki, bizim qabağımızda heç bir qüvvə dayana bilməz. Biz Qubadlıdan sonra öz Zəfər yürüşümüzü, Zəfər missiyamızı şərəflə davam etdirdik və noyabrın 8-də Şuşada dövlət bayrağını ucaltdıq".

"BİZ QUBADLI RAYONUNUN BÜTÜN KƏNDLƏRİNİ, O CÜMLƏDƏN QUBADLI ŞƏHƏRİNİ YENİDƏN QURACAĞIQ"

Bu gün işğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərinə başlanılıb. Bu torpaqlar erməni işğalı dövründə darmadağın edilərək yararsız bir vəziyyətə salınıb. "Qubadlı şəhəri demək olar ki, yerlə-yeksan edilib, bir salamat bina yoxdur", deyən Cənab Prezident sadəcə olaraq, erməni hərbçilərinin öz məqsədləri üçün bir neçə binadan istifadə etdiklərini bildirib: "Biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən Qubadlı şəhərini yenidən quracağıq. Qubadlı şəhərinin Baş planı hazırlanır və yəqin ki, yaxın aylarda təqdim ediləcək, o cümlədən Qubadlı ictimaiyyətinə təqdim ediləcəkdir. Əlbəttə ki, bu Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq". Dövlət başçısı artıq bu gün Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlərin aparıldığını bildirib.

Vurğulayaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın bu əraziyə səfəri çərçivəsində "Qubadlı" yarımstansiyasının açılışı olub. Xatırladaq ki, bu günə qədər Şuşa, Füzuli, Kəlbəcər, Cəbrayıl kimi ərazilərdən sonra Qubadlıda yeni yarımstansiya tikilib. Beləliklə, işğaldan azad edilmiş ərazilərin 80 faizi Azərbaycanın ümumi enerji sisteminə qoşulmaqla yanaşı, elektrik xətləri üzərindəki optik kabellər vasitəsilə yarımstansiya və rayonlardakı lazımi strukturlar internetlə təmin edilib. İşğaldan azad edilən digər rayonlardakı yarımstansiyalarda olduğu kimi, Qubadlıda da Dördüncü Sənaye İnqilabına uyğun olaraq intellektual enerjisistem şəbəkəsi konsepsiyası həyata keçirilərək müasir, dayanıqlı, tam rəqəmsallaşdırılmış yarımstansiya yaradılıb. Sovet vaxtında Qubadlı rayonunun ümumi istehlakının 12 meqavat olduğunu bildirən Cənab Prezident bu yarımstansiyanın 40 meqavata hesablandığını və lazım olarsa, onun gücünün iki dəfə artırıla biləcəyini bildirib: "Yəni, biz Qubadlının gələcək inkişafını belə görürük. Sovet vaxtında, işğala qədər Qubadlı rayonunun əhalisi haradasa 28 min idi, indi mənə verilən məlumata görə əhali 40 minə çatıb".

Bütün kəndlərin, şəhərin dağıdıldığını bildirən Cənab Prezident qubadlılıları buraya yerləşdirmək üçün əlbəttə ki, çox böyük işlər görüləcəyini diqqətə çatdırıb: "Burada infrastruktur işləri birinci sıradadır. İndi siz də gələndə gördünüz ki, çox geniş, dördzolaqlı yol çəkilir. Heç vaxt bu ölçüdə yol olmamışdır. Dar bir yol idi Zəngilandan Qubadlıya, Laçına. İndi biz Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkirik ki, bu yoldan insanlar rahat istifadə etsinlər. Eyni zamanda, burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün imkan olsun".

"HƏKƏRİ ÇAYI NƏİNKİ QUBADLININ, BÜTÜN AZƏRBAYCANIN, BİZİM BÖYÜK SƏRVƏTİMİZDİR"

Azərbaycanın iqtisadi gücü işğaldan azad olunan ərazilərdə yeni həyatın başlanmasına imkan verəcək. Artıq Şuşada, Füzulidə, Zəngilanda görülən işlər bunu deməyə əsas verir. Beynəlxalq hava limanlarının tikintisi Azərbaycanın nəhəng quruculuq işlərinin həyata keçirməsindən xəbər verir. Bildiyimiz kimi, Füzulidə Beynəlxalq hava limanı tikilib. Zəngilan hava limanı isə 2022-ci ildə istifadəyə veriləcək. Bu, Azərbaycanın gücünün göstəricisidir. Hərb meydanında sözünü deyən Azərbaycan bu gün quruculuq meydanında da imza atdığı lahiyələri ilə sözünü deyir. Yaxın gələcəkdə Qubadlıda məktəblər, xəstəxanalar tikiləcək, yeni yaşayış binaları qubadlıların ixtiyarına veriləcək: "Sovet vaxtında daha çox fərdi evlər idi. Bir neçə beşmərtəbəli ev var idi. Bir-iki evin qalıqları qalıb. Ancaq Qubadlı şəhər kimi inkişaf etməlidir. Əlbəttə ki, düzgün planlaşdırma aparılarkən burada insanların rahat yaşaması üçün bütün şərait yaradılacaq. İqtisadi inkişafa gəldikdə, əlbəttə, rayon ictimaiyyəti də burada çox fəal iştirak etməlidir - həm bərpa işlərində, eyni zamanda, Qubadlının düzgün inkişaf konsepsiyasının işlənməsində". Rayonun böyük potensiala malik olduğunu qeyd edən Cənab Prezident buranın zəngin təbiəti, təbii sərvətləri olduğunu bildirib: "Qubadlı rayonu ərazisindən iki böyük çay keçir, Bazarçay düz şəhərin ortasından keçir. Həkəri çayı nəinki Qubadlının, bütün Azərbaycanın, bizim böyük sərvətimizdir. Çünki biz bu çaylardan məhrum idik. Həkəridən də, Bazarçaydan da, Bəsitçaydan da, Tərtər çayından da məhrum idik. Ermənilər bizi məhrum etmişdi. Bu, böyük sərvətdir. Özü də indiki şəraitdə ki, su resursları dünyada gələcəkdə əsas yəni, yaşayış üçün əsas resurs kimi artıq tanınır. Ona görə düzgün planlaşdırma aparılmalıdır, iqtisadi inkişaf, hansı sahələr inkişaf edəcək".

"BİZ ARTIQ GÖSTƏRMİŞİK Kİ, HEÇ KİMİN QABAĞINDA BAŞ ƏYƏN XALQ DEYİLİK"

Bu gün reallaşan layihələr Qubadlının işıqlı gələcəyindən xəbər verir. Dövlət başçısının Qubadlıya səfəri çərçivəsində Xanlıq-Qubadlı yolunun təməli qoyulub. Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən bu yolun uzunluğu 56,4 kilometrdir. Qubadlı-Eyvazlı avtomobil yolunun uzunluğu 26 kilometr, eni 7 metr olacaq. Bu yollar Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində tikilir. Dövlət başçısının tapşırığına əsasən, Qarabağın inkişaf planı nəzərə alınmaqla Xudafərin-Laçın və Xanlıq-Qubadlı avtomobil yolları dörd hərəkət zolaqlı olacaq. Yeni inşa olunan yollar işğaldan azad edilmiş Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçir. Avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, bu rayonların 30-dan çox yaşayış məntəqəsini əhatə edir.

Qubadlıda görülən işlərdən söz açarkən, əlbəttə ki, Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışını da qeyd etməliyik. Məlumdur ki, işğaldan azad olunmuş ərazilərdə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə fəaliyyətlər davam etdirilir. Azərbaycanın Ermənistanla dövlət sərhədinin Qubadlı və Laçın rayonları ərazisindən keçən hissəsinin mühafizəsini təmin edən Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin ərazisi 25 hektardır. Kompleksin döyüş texnikası parkında helikopterlər, "HAROP", "Quzğun" və "Qırğı" zərbəendirici pilotsuz uçuş aparatları, tank əleyhinə dəzgahlı qumbaraatanlar və idarə olunan raketlər, 120 və 82 millimetrlik minaatanlar, zenit qurğuları və digər müasir silah sistemləri mövcuddur. Hərbi hissə kompleksində qərargah binası, zabit-gizir və əsgər yataqxanaları, şəxsi heyət üçün lazımi şəraitlə təmin edilmiş iş otaqları, yeməkxana, yaşayış binaları, anbarlar və digər zəruri infrastruktur yaradılıb. Bu hərbi hissədə xidmətin yüksək səviyyədə aparılması, şəxsi heyətin döyüş qabiliyyətinin təkmilləşdirilməsi, peşəkar vərdişlərinin daha da inkişaf etdirilməsi üçün hərtərəfli şərait yaradılıb.

"Müharibə başa çatıb və düzdür, bizi hələ döyüşməyə məcbur edirlər, biz də hazırıq. İstənilən formada, necə deyərlər, meydançada - istər siyasi meydanda, istər hərbi meydanda", - deyən Prezident bildirib ki, biz artıq göstərmişik ki, heç kimin qabağında baş əyən xalq deyilik: "Ancaq bununla yanaşı, bizim qarşımızda çox böyük quruculuq işləri dayanır. Bu da müharibədə əldə edilmiş Qələbəyə uyğun səviyyədə aparılmalıdır. Ümumiyyətlə, bu tarixi Zəfərdən sonra ölkəmizin yeniləşməsi, müasirləşməsi, aparılan islahatlar, xoşagəlməz hallarla mübarizə, əlbəttə, tam yeni müstəviyə çıxmalıdır. Çünki bu Qələbə bütün dünyaya bizim böyük xalq olduğumuzu göstərdi, eyni zamanda, bizi sözün yaxşı mənasında məcbur edir ki, biz qabağa ancaq düz yolla gedək".

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...