"Makron açıq-aşkar ermənipərəst mövqe ilə çıxış edib" - DEPUTAT ŞƏRH ETDİ

“Fransa hər zaman açıq-aşkar ermənipərəst mövqe ilə çıxış edib. Münaqişənin bütün mövcudluğu dövründə də münaqişə vəziyyəti ilə bağlı heç vaxt obyektiv mövqe sərgiləməyib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, Makronun dövründə olduğu kimi əvvəlki prezidentlərin dövründə də əksər hallarda ermənipərəst və antitürk əhval-ruhiyyə həmişə müşahidə olunub: “Hazırda Fransa prezidenti Makronun açıq-aşkar şəkildə sərgilədiyi ermənipərəst mövqe bizim üçün təəccüblü və yenilik kimi qiymətləndirilməməlidir. Həm Fransa, həm ABŞ Cənubi Qafqaz regionunda Rusiyanın təşəbbüskarlığının genişləndirilməsini həzm edə bilmirlər. Onlar heç cür qəbul edə bilmirlər ki, münaqişə Rusiyanın vasitəçiliyi ilə yekunlaşdı. Bildiyimiz kimi ATƏT-in Minsk qrupunun həmsədr ölkələri münaqişə vəziyyətini hər biri ayrı-ayrılıqda öz nəzarətlərində saxlamağa çalışırdılar. Müvafiq olaraq münaqişənin tənzimlənməsi prosesini də inhisara almağa cəhd edirdilər”.

Deputat həmçinin qeyd edib ki, Rusiyanın vasitəçiliyi ilə birgə bəyanatın imzalanmasını ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri olan ABŞ və Fransa özlərinin kənarda qaldıqları bir reallıq kimi dəyərləndirdilər: “Ona görə də, həm ABŞ, həm də Fransa münaqişənin hələ də davam etdiyi təsəvvürünü formalaşdırmağa çalışırlar. Ermənistandan da bu istiqamətdə alət kimi istifadə edirlər. Düşünürəm ki, indiki şəraitdə Fransanın əsas istəyi münaqişə vəziyyətinin sanki mövcudluğunu təmin etsin və bununla regionda öz mövcudluqlarını şərtləndirə bilsinlər”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə