Makronun Ermənistana səfərində əsas müzakirə mövzusu - BUNLAR OLACAQ - POLİTOLOQ AYDINLIQ GƏTİRDİ

“Fransa prezidenti Emmanuel Makronun Ermənistana səfəri zamanı keçiriləcək görüşdə əsas müzakirə olunacaq məsələlər Azərbaycan-Ermənistan münasibətləri və Dağlıq Qarabağda cərəyan edən hadisələr olacaq. Bildiyiniz kimi Fransanın bu məsələdə mövqeyi birmənalıdır. Birmənalı olaraq ermənipərəst, qızışdırıcı mövqedir. Əlbəttə ki, Azərbaycan bunun əleyhinədir. Bundan əlavə şübhəsiz ki, Paşinyan Makronla müzakirədə Ermənistanın acınacaqlı vəziyyətinə diqqət çəkəcək”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Nadir Şəfiyev deyib.

Onun sözlərinə görə, Ermənistan iqtisadiyyatına əlavə investisiya gətirilməsi məsələsini müzakirə etmək üçün Makronu buna sövq etməyə çalışacaq: “Fransa iqtisadi qurumlarının, Fransa bizneslərinin Ermənistan iqtisadiyyatına əlavə sərmayə qoymasını xahiş edəcək. Bunların hamısı təbii olaraq Ermənistanın çiçəklənməsinə, firavanlığına yox, bölgədə Ermənistanın yenidən dağıdıcı rol oynamasına şərait yaradacaq. Bu da bildiyimiz kimi 44 günlük müharibə zamanı Azərbaycan Prezidentinin də dəfələrlə söylədiyi kimi Dağlıq Qarabağ problemi faktiki olaraq birmənalı şəkildə həll olunub. Amma bunun hüquqi cəhətdən tənzimlənməsi, praktiki cəhətdən Azərbaycan əhalisinin bölgəyə qayıtması, eyni zamanda Dağlıq Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etməsi, Dağlıq Qarabağ bölgəsində iqtisadi inkişaf üçün zəmin yaradılması, həmin bölgənin Azərbaycanın hüquqi, siyasi, iqtisadi sisteminə inteqrasiya olunması və inkişaf etdirilməsi məsələləri var. Bu istiqamətdə işlər görülür”.

Politoloq həmçinin qeyd edib ki, Dağlıq Qarabağda cərəyan edən hadisələr onu göstərir ki, 44 günlük müharibədən sonra təəssüflə qeyd etmək lazımdır ki, Minsk qrupunun xüsusilə qərbdən olan həmsədrləri Fransa və ABŞ nəinki yaranmış şəraitlə barışmaq, hətta bu şəraitdə öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı təbrik etmək istəmirlər: “Onlar əksinə bu sahədə yaranmış vəziyyəti artıq sabitliyi pozmağa çalışıblar. Nə qədər paradoksal görünsə də, cəmiyyətimizdə nə qədər birmənalı qəbul edilməsə də bunun qarşısını alan hazırda öndə olan qüvvə rus sülhməramlılarıdır. Sülhməramlılar bir çox məsələlərdə ermənilərə köməkçi olur və bir çox məsələyə göz yumurlar. Amma bunlara rəğmən hal-hazırda sülhməramlıların orada durması və fəaliyyət göstərməsi bizim xeyrimizədir. Bu üçlüyün arasında ən dağıdıcı qüvvə Fransadır. Fransa rəhbərliyi anti-Azərbaycan mövqeyini faktiki olaraq gizlətmir. Düşünürəm ki, Fransa prezidentinin Ermənistana səfəri zamanı müzakirə olunacaq məsələlər heç də bölgədə sülhün bərqərar olması naminə olmayacaq. Makron Ermənistanı daha da qızışdıracaq. Makron Fransanın təsirini gücləndirməyə çalışacaq. Eyni zamanda Paşinyanın qərbpərəst mövqeyini gücləndirməyə, Rusiyadan uzaqlaşdırmağa çalışacaq. Ümumiyyətlə Makronun səfərindən müsbət heçnə gözləmirəm. Makronun Ermənistana gəlməsi ilə vəziyyətin bir qədər də qəlizləşməsi istisna olunmur”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə