Prezidentin hərbi məsələlər üzrə köməkçisi işğalçı rejimə hansı anonsu verdi? - MÜSAHİBƏ

"İşğalçılar unutmamalıdırlar ki, Azərbaycanın təcrübəli diplomatiyası ilə yanaşı, güclü hərbi ritorika faktoru da mövcuddur”

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Administrasiyasının hərbi məsələlər şöbəsinin rəhbəri, general-polkovnik Məhərrəm Əliyevin SİA-ya müsahibəsi

- Cənab general-polkovnik, bildiyimiz kimi bugünlərdə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı bəyanat səsləndirib. Lakin Ermənistan rəhbərliyi növbəti dəfə qeyri-konstruktivlik nümayiş etdirərək, danışıqlar prosesini pozmaqla yanaşı, işğal altındakı ərazilərimizi geri qaytarmayacaqlarını bəyan ediblər. Siz bu məsələyə necə münasibət bildirərdiniz?

- Əslində, Ermənistan rəhbərliyinin, eləcə də bu ölkənin xarici işlər idarəsinin işğalçılıq mövqeyindən çıxış edən bəyanatlar səsləndirməsi, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair əldə edilən razılaşmalardan boyun qaçırması bir daha qarşı tərəfin məqsədini açıq-aşkar bəlli edir və söz yox ki, Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etməsi hüququ öz qüvvəsində qalmaqdadır.

Lakin eyni zamanda, Azərbaycan dövləti danışıqlar prosesində münaqişənin hüquqi çərçivədə və sülh yolu ilə həllinin tərəfdarı olduğunu da bəyan edib. Bu baxımdan, hesab edirəm ki, Ermənistan rəhbərliyinin hər dəfə bu proseslərdən müxtəlif üsullarla yayınması cəhdləri Azərbaycana başqa çıxış yolu qoymur.

Biz həmçinin daha bir mühüm amili də xatırlamalıyıq ki, Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənabları bir sıra nüfuzlu beynəlxalq tribunalarda dəfələrlə öz qətiyyətli mövqeyini bəyan edib. İstər Münhen Təhlükəsizlik Konfransında, istərsə də MDB dövlət başçılarının iştirakı ilə keçirilən “Valday” klubunda çıxış edən cənab Prezident İlham Əliyev Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu, işğalçılıq siyasəti ilə əsla barışmayacağını vurğulayıb. Əbəs deyil ki, məhz “Qarabağ Azərbaycanındır və nida işarəsi” bəyanatı hazırkı gündə də işğalçı erməni hərbi-siyasi dairələrini ciddi şəkildə narahat etməkdədir.
Onu da düşünürəm ki, onlar sadəcə qorxularını xalqdan bu cür uğursuz bəyanatları ilə gizlətməyə cəhd göstərirlər. Ümumiyyətlə, danışıqlar masasından imtina edən erməni tərəfi birmənalı şəkildə anlamağa məhkumdur ki, onların bu cür davranışları nə həmin dövlətə, nə də erməni xalqına yaxşı heç nə vəd etmir.

-Məhərrəm müəllim, sizcə sadə erməni xalqı münaqişənin davam etməsində nə qədər maraqlıdır, ümumiyyətlə, Ermənistan hakimiyyətinin məlum fikrini bütövlükdə xalqın fikri ilə eyni müstəvidə tutmaq nə qədər mümkündür?

- Mən elə düşünmürəm. Sadə erməni xalqı ümumiyyətlə bir-birini müxtəlif yollarla dəyişən hakimiyyətlərin maraqlarını bölüşmür. Tarix və sənədlər sübut edir ki, münaqişənin təməli xaricdə yaşayan erməni lobbisinin və əsasən də ultra-millətçi, eləcə də terror maraqlarından çıxış edən Daşnaksyutun təmsilçiləri tərəfindən qoyulub. Yəni bu məkrli planın işlənib-hazırlanmasında sadə erməni xalqı iştirak etməyib. Biz dəfələrlə şahidi olmuşuq ki, sadə xalq müharibəyə qarşı etiraz səsini ucaldır, Qarabağda hərbi xidmətə göndərilən və həlak olan gənclərin anaları münaqişəyə son qoyulmasını tələb edirlər. O da əbəs deyil ki, cənab Prezident İlham Əliyev bu məsələyə də münasibətini bildirib. Ölkə başçımız vurğulayıb ki, əgər erməni əsgəri Qarabağda ölmək istəmirsə, Ermənistan rəhbərliyi işğalçı siyasətinə son qoymalı, torpaqlarımızı tərk etməlidirlər.

- Yeri gəlmişkən, cənab Prezident İlham Əliyev işğal altında qalan torpaqlarımızın hər an azad ediləcəyi ilə də bağlı bəyanatlar səsləndirib və vurğulayıb ki, Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü Ordusu var...

- Bəli, bu bir reallıqdır və dünya birliyi tərəfindən də qəbul edilən gerçəklidir ki, güclü Orduya və ən müasir hərbi sənaye imkanlarına malik olan Azərbaycanın Silahlı Qüvvələri beynəlxalq aləmin müxtəlif ordu reytinqlərini müəyyən edən cədvəllərində, sorğu nəticələrində yüksək mövqeyə sahibdir. Ona görə də hesab edirəm ki, əgər Azərbaycan danışıqlar masasında oturursa, hərbi güc, hərbi qüdrət faktoru da nəzərə alınır.

Əslində ortada olan faktlar da bu reallığı əks etdirməkdədir. Misal üçün, bu gün Ermənistanın hərbi-siyasi dairələrindən tutmuş ən sadə vətəndaşına qədər hər kəs bilir və dərk edir ki, Azərbaycanın 2016-cı ildəki Aprel uğuru, habelə 2018-ci ildə əldə etdiyi Günnüt qələbəsi davam edə və zəfər bayrağımız işğal edilmiş bütün ərazilərimizdə dalğalana bilər. Ona görə də, müxtəlif uğursuz və ucuz təfəkkürlü bəyanatları ilə necə deyərlər, sudan quru çıxacaqlarını sanırlar. Amma göründüyü kimi kökündən yanılırlar. Azərbaycanın qüdrətli Silahlı Qüvvələri nəinki regionun, eləcə də beynəlxalq təhlükəsizliyin təmin olunmasında, qorunmasında əsaslı mövqeyə malikdir. Artıq illərdir ki, Azərbaycan zabiti və əsgəri istər NATO təlimləri çərçivəsində, istərsə də ayrı-ayrı ölkələrlə keçirilən iri miqyaslı hərbi təlimlərdə, habelə beynəlxalq terrorla mübarizə məsələlərində öncül yerlərə sahib olmaqdadır.

O cümlədən, Azərbaycan xalqı da öz Ali Baş Komandanının verəcəyi əmrini gözləyir və hər an işğal altında qalmış ərazilərinin azad olunması üçün səfərbər olmağa hazır olduğunu sərgiləyir. Bu dövlətimizin, xalqımızın danılmaz haqq səsidir və ona görə də, işğalçılar unutmamalıdırlar ki, Azərbaycanın yalnız güclü diplomatiyası deyil, hərbi ritorika faktoru da mövcuddur. Yəni Ermənistanın hərbi-siyasi rəhbərliyinin cəfəng, publikaya hesablanmış ucuz fikirlərindən fərqli olaraq, Azərbaycanın dövlət rəhbərliyi tərəfindən səslənən bəyanatlar əməli işlərlə isbata yetirilir.

- Cənab general-polkovnik, artıq aylardır ki, dünyada koronavirus pademiyası ayaq-açıb yeriyir, müxtəlif ölkələrdə, eləcə də Ermənistanda bu vəziyyətin qarşısının alınması istiqamətində acizlik nümayiş olunur. Hətta ordu sıralarında yoluxma hallarının qarşısı alınmırsa, onda Ermənistan rəhbərliyi nəyə arxayındır?

- Çox doğrudur ki, artıq illərdir regional və beynəlxalq layihələrdən təcrid olunmuş Ermənistan dövləti paralel olaraq koronavirus pandemiyasından da ağır zərbələr alır, ölkə daha ağır vəziyyətə doğru sürüklənir. Deyərdim ki, dünyanın COVID-19-la mübarizə apardığı bir dönəmdə, hətta aparıcı dövlətlərin belə, müxtəlif böhranlarla üzləşdiyi bir vaxtda heç bir hərbi, sosial və iqtisadi dayağı olmayan işğalçı Ermənistanın məlum davranışı və hər hansı “möcüzəyə” ümid etməsi qeyri-ciddilik təsiri bağışlayır.

Ermənistan rəhbərliyi boğazdan yuxarı bəyanatlar səsləndirməkdənsə, yaxşı olardı ki, hərbi hissələrində koronavirusa yoluxma hallarının qarşısını almaq istiqamətində tədbirlərini görsünlər. Çünki erməni mətbuatından da izlədiyimiz kimi, artıq işğalçı ölkənin ordu sıralarında kifayət qədər infeksiyaya yoluxma halları mövcuddur. Yəni bu, təkzibolunmaz bir faktdır.

Bilirsiniz, artıq COVID-19 reallığından sonra dünyanın həm siyasi, həm də iqtisadi düzəni və imkanları dəyişilir və işğalçı ölkə bunu anlamağa məhkumdur. Onlar əgər dövlətlərinin yaşamasını, ayaqda qalmasını istəyirlərsə belə lüzumsuz iddialarından əl çəkməli, münaqişənin həlli istiqamətində tələb olunan qaydalara riayət etməlidirlər. Əgər bir ölkənin ordusunda virus tüğyan edirsə, bu ordunun hansı üstünlüyündən danışmağa dəyər? Ona görə də hesab edirəm ki, ümumiyyətlə, Ermənistanın başqa çıxış yolu da qalmayıb – onlar ya müvafiq həll variantına boyun əyməli, ya da prosesdən kənara çəkilərək, ağır nəticələrə gətirib-çıxaracaq müqəddəratları barədə düşünməlidirlər.

- Məhərrəm müəllim, demək belə nəticəyə gəlmək olar ki, əslində işğalçı ölkənin hərbi-siyasi dairələrinin məlum bəyanat və inadkarlıqları onlara heç də yaxşı müqəddərat vəd etmir?

- Təbii ki, bu belədir. Hesab edirəm ki, Ermənistanın hərbi-siyasi və diplomatik dairələri qeyd edilən faktları bir daha nəzərdən keçirməli, təhlillərini aparıb, sağlam düşüncə ortaya qoymalıdırlar. Əks halda, Azərbaycanın şanlı Ordusu Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında düşməni qısa müddətdə məğlub edib, üçrəngli bayrağımızı azad edilmiş torpaqlarımızda dalğalandıracaq. Bu gerçəkliyə isə kimsənin şübhəsi olmamalıdır.

- Müsahibəyə görə çox sağ olun...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə