"Azərbaycan-Ukrayna münasibətləri özünün dinamikası ilə səciyyələnən və çox böyük perspektivə malik olan münasibətlərdir. Çünki tarixən Azərbaycan və Ukrayna arasında həmişə münasibətlər yüksək səviyyədə olub".
Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, bu, iqtisadi əməkdaşlıq, siyasi əməkdaşlıq kontekstində yox, həm də humanitar-mədəni əlaqələr kontekstində belə olub:
"Buna görə də Azərbaycan müharibəyə cəlb edilmiş Ukraynanın həmişə ərazi bütövlüyünü dəstəkləyib. Necə ki, Ukrayna həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir. Bu isə, əlbəttə ki, hazırkı çətin vəziyyətdə olan Ukraynanın Azərbaycanla əməkdaşlığını daha da perspektivli edir.
Viktor Yuşşenkonun Azərbaycana səfər etməsi və Azərbaycan Prezidenti tərəfindən qəbul edilməsi, mən düşünürəm ki, Azərbaycan Prezidentinin Ukrayna ilə münasibətlərə verdiyi dəyərin nəticəsi kimi ortaya çıxmışdır. Çünki hələ 2008-ci ildə Yuşşenkonun prezidentlik dövründə onun Azərbaycana səfər etməsi, Azərbaycanda Taras Şevçenkonun heykəlinin qoyulması, indiki səfərdə isə heykəl ərazisinin Şevçenko meydanı adlandırılması elə bəhs etdiyimiz mədəni-humanitar əlaqələr kontekstində olduqca mühüm hadisədir.
Çünki Taras Şevçenko Ukraynada milli müstəqillik və milli kimlik mübarizəsinin simvollarından biridir. Hətta XIX əsrin ortalarında məhz Ukrayna xalqının azadlığı üçün mübarizə apardığına görə Taras Şevçenko Çar Rusiyası tərəfindən həbs edilərək Orenburq həbsxanasına göndərilib. Bu gün də eyni mücadiləni verir Ukrayna xalqı. Müstəqillik uğrunda mücadilə verir və bu prosesdə Azərbaycanı öz yanında görür. Azərbaycanın mövqeyi isə beynəlxalq hüquqa əsaslanan ədalətli mövqedir.
Ona görə də düşünürəm ki, bu səfərdən sonra Ukrayna-Azərbaycan münasibətlərinin daha böyük gələcəyə iddialı olduğunu söyləyə bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB