Ramil Həsən: AŞPA-nın Azərbaycana qarşı qətnaməsi qəbuledilməzdir

Ramil Həsən: AŞPA-nın Azərbaycana qarşı qətnaməsi qəbuledilməzdir

İyunun 24-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən Azərbaycana qarşı əsassız və böhtan xarakterli qətnamənin qəbul edilməsini təəssüf hissi ilə qarşılayıram.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsənin Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı qəbul edilmiş qətnaməyə dair bəyanatında yer alıb.

Bildirilib ki, son illərdə AŞPA və Avropa Parlamentində Azərbaycana qarşı bu cür qətnamələrin qəbulu artıq mütəmadi xarakter alıb. Xüsusilə narahatlıq doğuran məqam ondan ibarətdir ki, bu cəhdlər Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra onu cəzalandırmağa yönəlmiş cəhdlər olaraq görünür.

“İnsan hüquqları məsələlərinin siyasiləşdirilməsi, manipulyasiya edilməsi, ikili standartlar və onlardan suveren dövlətlərə qarşı alət kimi istifadə olunması qəbuledilməzdir. AŞPA bunun əvəzinə öz torpaqlarını işğaldan azad etmiş və genişmiqyaslı bərpa-quruculuq işləri və humanitar minatəmizləmə fəaliyyəti həyata keçirən Azərbaycana dəstək nümayiş etdirməlidir. Bu cür qətnamələr qəbul etmək əvəzinə, Azərbaycanla həmrəylik nümayiş etdirmək və öz mandatı çərçivəsində, o cümlədən, itkin düşmüş 4 min Azərbaycan vətəndaşının taleyinin aydınlaşdırılması istiqamətində həyata keçirilən səylərə töhfə vermək daha konstruktiv olardı.

AŞPA da daxil olmaqla parlament platformaları dialoq və əməkdaşlıq üçün platforma rolunu oynamalı olduğu halda, AŞPA Azərbaycana qarşı təzyiq göstərməkdə və ölkəyə qarşı yönəlmiş addımlar atmaqda davam edir. Bu isə eyni dərəcədə qəbuledilməzdir.

Hesab edirəm ki, parlamentlərarası əməkdaşlıq qarşılıqlı hörmət, qərəzsizlik və konstruktiv dialoq prinsiplərinə əsaslanmalıdır. Seçmə yanaşmalar və ədalətsiz qiymətləndirmələr parlament diplomatiyasının məqsədlərinə xidmət etmir.

Beynəlxalq parlament institutlarını dialoqu, qarşılıqlı anlaşmanı və beynəlxalq hüququn fundamental prinsiplərinə hörməti təşviq etməyə çağırıram”, - deyə Bəyanatda vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə