Zelenski Qurban Bayramı üçün türk, ukrayna və ingilis dilində təbrik yayımladı

Ukrayna Prezidenti Volodimir Zelenski Qurban Bayramı münasibətilə sosial şəbəkə hesabında türk, ukrayna və ingilis dillərində təbrik mesajı yayımlayıb. O, mesajında belə deyib:

“Bu mübarək bayramın hər evə sülh, bərəkət və davamlı barış gətirməsini arzu edirəm.”
SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabından 3 dildə yazılı açıqlama verərək müsəlmanların Qurban Bayramını təbrik edib.

O, Ukraynada və dünyanın hər yerində yaşayan müsəlmanların Qurban Bayramını səmimi şəkildə təbrik etdiyini bildirib və mesajında bunları qeyd edib:

“Ukraynada və dünyanın hər yerində yaşayan müsəlmanların Qurban Bayramını səmimi şəkildə təbrik edirəm. Bu mübarək bayramın hər evə sülh, bərəkət və davamlı barış gətirməsini arzulayıram. Ukrayna olaraq bu il mümkün qədər çox ailənin Qurban Bayramını təhlükəsiz şəkildə keçirə bilməsi üçün böyük mübarizə aparırıq. Biz Ukraynada və Avropada həyatı qoruyarkən, eyni zamanda Yaxın Şərqdə, Körfəz bölgəsində və Cənubi Qafqazdakı dost və tərəfdaş ölkələrdə də həyatın qorunmasına dəstək veririk. Dünyanın heç bir yerində qorxu və güvənsizlik insanların həyatına hakim olmamalıdır.

2014-cü ildə Rusiyanın Ukraynaya qarşı başladığı müharibənin davam etdiyi Ukraynanın Krım bölgəsini də unutmuruq. Ölkəmizi və xalqımızı dəstəkləyən, Rusiya işğalına qarşı duran və insanlarımızın Rusiya əsarətindən azad olunmasına kömək edən hər kəsə ürəkdən təşəkkür edirik. Rusiya tərəfindən saxlanılan Krımlı siyasi məhbusları da unutmamışıq; onları yenidən evlərinə, Ukraynaya qaytarmaq üçün çalışırıq. Azad dünyanın da bu gün azadlığından məhrum edilən insanları unutmaması çox vacibdir. Bu bayramın bütün xeyirxah insanlara ümid və güc verməsini arzulayıram. Qurban Bayramınız mübarək olsun!”

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə