Fransada kruiz gəmisində həyəcan! 1700 sərnişinin olduğu gəmi karantinə alındı

Fransanın Bordo şəhərində təxminən 1700 sərnişinin olduğu kruiz gəmisi sağlamlıq təhlükəsi səbəbilə karantinə alınıb.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın Bordo şəhərində çox sayda sərnişində ürəkbulanma, qusma və ishal əlamətləri müşahidə edildikdən sonra səhiyyə əməkdaşları hərəkətə keçib.

Fransa mətbuatında yayılan məlumatlara görə, səhiyyə qurumları gəmidə “mədə qripi” kimi tanınan qastroenterit yayılmasından şübhələnirlər. İlkin araşdırmalarda halların norovirus mənşəli ola biləcəyi ehtimal edilir. Dəqiq səbəbin müəyyənləşdirilməsi üçün laborator analizlərin davam etdiyi bildirilib.

Karantin qərarından sonra sərnişinlərin gəmidən nəzarətli şəkildə çıxmasına icazə verilməyib. Səhiyyə qrupları gəmidə geniş dezinfeksiya işlərinə başlayıb, simptom göstərən sərnişinlərin isə izolyasiya olunduğu qeyd edilib.

Səlahiyyətli şəxslər bildiriblər ki, yoluxmanın nəzarət altına alınması üçün gəmidəki ümumi istifadə sahələri məhdudlaşdırılıb və personal qoruyucu tədbirlərlə fəaliyyət göstərir.

Mütəxəssislər kruiz gəmilərində sürətlə yayılan bu cür yoluxmaların əksər hallarda norovirusdan qaynaqlandığını bildirirlər. Virus qapalı məkanlarda təmas yolu ilə sürətlə yayılır və mədə-bağırsaq infeksiyalarına səbəb olur.

Son illərdə dünyanın müxtəlif yerlərində bir çox kruiz gəmisində oxşar yoluxma halları qeydə alınıb və bu hadisə Fransada da narahatlıq yaradıb.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə