“Şimali Kipr Türk dünyasının strateji dayaqlarından biridir” - Orxan Erdem

“Şimali Kipr Türk Cümhuriyyətinin artıq aramıza qoşulması mühüm hadisədir. Bu məsələ ilə bağlı bütün çıxışçılar fikirlərini bildiriblər. Mən isə Azərbaycan tərəfindən millət vəkillərinin parlamentdə birgə qəbul etdikləri qərara görə minnətdarlığımızı ifadə etmək istəyirəm”.

SİA xəbər verir ki, bu sözləri Türkiyə–Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası dostluq qrupunun rəhbəri Orxan Erdem Milli Məclisdə Azərbaycan-Türkiyə-Şimalı Kipr parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun 13-cü iclasında çıxışı zamanı deyib.

Orxan Erdem Azərbaycan rəhbərliyinə təşəkkürünü bildirib: “Bu nöqtədə hörmətli Məclis sədrinə və Prezidentə təşəkkür edirəm. Şimali Kipr bir zamanlar Azərbaycanın da yaşadığı haqsızlıqları və hüquqsuzluqları bu gün də yaşamaqdadır”.

Deputat qeyd edib ki, Qarabağ məsələsi uzun illər beynəlxalq səviyyədə həll olunmadan qalıb: “Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar yalnız müşahidəçi mövqedə oldular. Azərbaycan isə ordusu və Türkiyə kimi dost ölkələrin dəstəyi ilə öz torpaqlarını azad etdi”.

O, Şimali Kiprin tarixi və mövcud vəziyyətinə də toxunub: “1571-ci ildən etibarən türk varlığının olduğu bu torpaqlarda bu gün də Rum tərəfi və Yunanıstanla bağlı mübahisələr davam edir. Bu baxımdan, Şimali Kiprə dəstək vermək və birlik içində hərəkət etmək olduqca vacibdir”.

Orxan Erdem vurğulayıb ki, Şimali Kipr yalnız siyasi deyil, həm də strateji baxımdan əhəmiyyətlidir: “Şimali Kipr Türk dünyasının ön cəbhədə yerləşən dayaqlarından biridir. Enerji xətləri və nəqliyyat marşrutları baxımından bu region böyük əhəmiyyət daşıyır və mühüm strateji mövqedə yerləşir”.

Deputat əlavə edib ki, Türkiyə başda olmaqla Azərbaycan və digər Türk dövlətlərinin dəstəyi ilə bu birlik daha da güclənəcək: “Bu həmrəylik Türk dünyasının gələcək gücünü müəyyən edən əsas amillərdən biridir”.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə