Gürcüstanın yol şəbəkəsini Azərbaycan və Ermənistan sərhədləri ilə birləşdirən layihə ilə bağlı yenidən tender elan olunub

Gürcüstan hökuməti Tbilisidən Azərbaycan sərhədinə gedən yolun Rustavi-Tsiteli körpüsünə qədər olan hissəsinin və Ermənistana gedən magistralın Algeti-Sadaxlo hissəsinin tikintisinə nəzarət üçün yenidən beynəlxalq tender elan edib.

SİA xəbər verir ki, bu barədə Gürcüstanın İnfrastruktur Nazirliyi məlumat yayıb.

Nazirliyinin Yol İdarəsinin məlumatına görə, nəzarət xidmətlərinin təxmini dəyəri ümumilikdə 19 milyon avrodur.

Rustavi-Tsiteli körpüsü və Algeti-Sadaxlo hissələri Şərq-Qərb və Cənub-Şimal beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm hissəsini təmsil edir və Gürcüstanın yol şəbəkəsini Azərbaycan və Ermənistan sərhədləri ilə birləşdirir. Layihəyə beynəlxalq yol təhlükəsizliyi standartlarına tam uyğun olaraq, 61,3 kilometr uzunluğunda, 4 zolaqlı, beton örtüklü, açıq işıqlandırma sistemi ilə təchiz olunmuş sürətli yolun tikintisi, eləcə də 26 körpü və 11 yol qovşağının tikintisi daxildir.

Layihə Avropa İnvestisiya Bankının krediti və dövlət büdcəsinin birgə maliyyələşdirilməsi ilə həyata keçirilir.

Əsas yol hissələrinin layihələndirilməsi Dünya Bankının maliyyə dəstəyi ilə Niderland şirkəti tərəfindən icra olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə