"İki palatalı parlament yaradılması mümkündür" - ŞƏRH

"Ölkəmizdə Konstitusiya dəyişikliyi ilə bağlı hələlik rəsmi açıqlama yoxdur. Mətbuatda bu barədə müxtəlif ehtimallar və iddialar irəli sürülür". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, əgər Konstitusiyada dəyişiklik aparılacaqsa, bu proses icra hakimiyyətlərinin ləğvi, bələdiyyələrə daha geniş səlahiyyətlərin verilməsi, eləcə də Nazirlər Kabinetinin strukturunda ciddi dəyişikliklər edilməsi kimi məsələləri əhatə edə bilər: "Bununla belə, təbii ki, hansı maddələrin çıxarılmasının və hansılarının əlavə olunmasının daha məqsədəuyğun olduğunu yalnız hakimiyyət özü müəyyən edə bilər.

Ola bilər ki, parlamentdə proporsional seçki sisteminin tətbiqi yenidən gündəmə gətirilsin. Mən hesab edirəm ki, bu addım ölkədə siyasi rəqabətin və çoxsəsliliyin güclənməsi baxımından vacib ola bilər. Bundan başqa, iki palatalı parlament modelinin yaradılması perspektivi də zaman-zaman müzakirə olunur. Bu halda deputatların sayının artırılması və seçki dairələrinin yenidən formalaşdırılması da aktuallaşa bilər.

Düşünürəm ki, pozitiv mənada Konstitusiya islahatına real ehtiyac var. Bu islahatlar həm idarəetmə strukturunun təkmilləşdirilməsi, həm hüquqi bazanın yenilənməsi, həm də siyasi institutların daha səmərəli fəaliyyət göstərməsi üçün mühüm rol oynaya bilər. Artıq yeni dövrün reallıqları formalaşıb — İkinci Qarabağ müharibəsindən sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Bu dəyişən regional və siyasi reallıqlar Konstitusiyanın da yeni mərhələyə uyğunlaşdırılmasını aktuallaşdırır.

Ona görə də hesab edirəm ki, Konstitusiya islahatları təkcə gündəmdə olmaqla qalmamalı, həm də geniş ictimai müzakirələr əsasında həyata keçirilməlidir. Çünki bu islahatlar ölkənin gələcək inkişaf trayektoriyasını müəyyən edə, idarəetmədə çevikliyi artıra, cəmiyyətin gözləntilərini daha dolğun şəkildə əks etdirə bilər".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə