“Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri çərçivəsində həmkarı Kasım-Jomart Tokayevlə keçirdiyi təkbətək görüş, onların birgə iştirakı ilə keçirilən Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclası, eləcə də mətbuata verdikləri bəyanatlar və imzalanan sənədlər iki qardaş ölkə arasında strateji tərəfdaşlığın gələcək istiqamətlərini aydın şəkildə ortaya qoydu, münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirdi. Tarixi Zəfərimizdən ötən beş il ərzində həm türk dövlətləri arasında ikitərəfli münasibətlər, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq dinamik şəkildə inkişaf edib. Bu inkişaf dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və Türk Dövlətləri Təşkilatının Zirvə görüşlərinin məzmununda aydın şəkildə özünü göstərir. Prezident İlham Əliyevin təşəbbüsü ilə hər il təşkil olunan Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi görüşlərinin ənənə halını alması da bu əməkdaşlığın mühüm göstəricisidir. Bütün bu addımlar türk dünyasında birliyin və həmrəyliyin daha da möhkəmlənməsinə xidmət edir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin derputatı Kamran Bayramov deyib.
K.Bayramov qeyd edib ki, ikitərəfli görüşlər və imzalanan sənədlərin ardından, oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata birgə bəyanatlarla çıxış ediblər: “İlk olaraq Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatında Azərbaycan liderinə dərin ehtiramını ifadə edərək bildirib: “Azərbaycan Prezidentinin dövlət səfərini ölkələrimiz arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi yolunda çox mühüm hadisə və addım kimi qiymətləndirirəm. İlham Heydər oğlu Əliyev tarixi miqyasda görkəmli dövlət xadimidir. O, Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəsinə və möhkəmləndirilməsinə həlledici töhfə verib. Prezident İlham Əliyevin yorulmaz səyləri sayəsində Azərbaycanın dünya arenasında nüfuzu və təsiri dəfələrlə güclənib. Onun güclü liderliyi ilə Azərbaycan bir çox sahələrdə, hər şeydən əvvəl sosial-iqtisadi inkişafda böyük uğurlar qazanıb. Genişmiqyaslı islahatların nəticələri iqtisadiyyatın davamlı artımında, vətəndaşların rifahının yüksəldilməsində, Sizin ölkənizin dinamik şəkildə dəyişməsində öz əksini tapır”.
Prezident İlham Əliyev çıxışında Azərbaycan və Qazaxıstan arasındakı münasibətlərin əsrlərdən bəri formalaşan ortaq tarixi, mədəni və mənəvi dəyərlərə söykəndiyini vurğulayıb. Dövlət başçısı bildirib: “Xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir. Dövlətlərarası münasibətlərimizi bu möhkəm bünövrə üzərində qururuq. Hətta son üç ildə ondan çox qarşılıqlı səfərlərə baxdıqda münasibətlərimizin necə intensiv xarakter daşıdığını əyani şəkildə görmək olar. Hər bir görüş, hər müzakirə son nəticəyə yönəlib. Bu gün sahə nazirliklərinin hesabatlarını, həmçinin gələcək planları dinlədik. Təbii ki, qarşılıqlı fəaliyyətimizi necə intensivləşdirmək lazım olduğuna dair öz əlavə təlimatlarımızı verdik. Bizim eşitdiklərimiz məmnunluq hissi doğurur. Çünki nəzərdə tutulanların hamısı yerinə yetirilir. Diqqət yetirilməsi və dövlət başçılarının iştirakı tələb edilən məsələlər olduqda, təbii ki, bu, bizim daimi nəzarətimiz altındadır".
Deputat diqqətə çatdırıb ki, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə “Orta Dəhlizin inkişafı” (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) layihəsinin təqdimatı keçirilib. Təqdimat zamanı bildirilib ki, Çin və Orta Asiya ölkələrini Avropa ilə birləşdirən bu mühüm nəqliyyat-logistika marşrutu regional və qitələrarası ticarətin gücləndirilməsində strateji əhəmiyyət daşıyır. Qeyd olunub ki, Çindən Azərbaycana yükdaşımaların həcmi hər il artmaqdadır və 2030-cu ilədək bu göstəricinin hazırkı səviyyə ilə müqayisədə üç dəfə artacağı proqnozlaşdırılır. Bu isə öz növbəsində Orta Dəhlizin əhəmiyyətini daha da artırır. Dövlət başçılarına, həmçinin dəhlizin səmərəliliyini və rəqabət qabiliyyətini yüksəltməyə yönəlmiş konkret addımlar və gələcək təşəbbüslər barədə ətraflı məlumat təqdim olunub.
K.Bayramov əlavə edib ki, dövlət başçısı İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə keçirilən Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası iki ölkə münasibətlərinin strateji dərinliyini və qarşılıqlı əməkdaşlığın geniş potensialını nümayiş etdirdi. Prezident İlham Əliyev çıxışında Qazaxıstanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə verdiyi ardıcıl dəstəyə görə təşəkkürünü ifadə edərək bildirdi ki, bu mövqe həm siyasi dialoqda, həm də beynəlxalq platformalarda öz təsdiqini tapır. Toplantı, eyni zamanda, gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və tərəfdaşlığın daha yüksək mərhələyə çatması baxımından mühüm əhəmiyyət daşıyır”.
Bütün xəbərlər Facebook səhifəmizdə