"Azərbaycan Türk dünyasının qlobal gücə çevrilməsi prosesində aparıcı rol oynayır" - POLİTOLOQ ŞƏRH ETDİ
"Türk Dövlətləri Təşkilatının (TDT) son Zirvə görüşləri bir daha sübut etdi ki, artıq bu qurum sadəcə regional əməkdaşlıq mexanizmi kimi deyil, qlobal səviyyədə siyasi və iqtisadi proseslərə təsir göstərə bilən bir güc mərkəzi kimi formalaşır. Son illərdə qəbul edilən qərarlar və həyata keçirilən təşəbbüslər göstərir ki, Türk dünyası ortaq tarixi və mədəni köklərlə yanaşı, həm də ortaq strateji maraqlara əsaslanan möhkəm bir platforma qurmaq niyyətindədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.
Onun sözlərinə görə, TDT-nin son görüşlərində müzakirə edilən əsas məsələlər - nəqliyyat dəhlizlərinin genişləndirilməsi, enerji əməkdaşlığının dərinləşdirilməsi, müdafiə sənayesi və texnologiya sahəsində birgə fəaliyyətin gücləndirilməsi - təşkilatın konkret fəaliyyət istiqamətlərini müəyyənləşdirir. Bu istiqamətlər təkcə region üçün deyil, Avrasiya məkanında güc balansına da təsir göstərir: "Azərbaycan bu prosesin mərkəzində dayanır. Prezident İlham Əliyevin həyata keçirdiyi fəal diplomatik siyasət nəticəsində TDT çərçivəsində qəbul edilən bir çox mühüm qərarlarda Azərbaycanın imzası var. Xüsusilə Zəngəzur dəhlizinin reallaşdırılması, Transxəzər nəqliyyat xəttinin inkişafı və enerji təhlükəsizliyi sahəsində atılan addımlar Türk dünyasının iqtisadi inteqrasiyasına real töhfələr verir. Eyni zamanda, Azərbaycan TDT daxilində həm siyasi, həm də ideoloji baxımdan birləşdirici rol oynayır. Qarabağ müharibəsindən sonra Türk dövlətlərinin göstərdiyi dəstək, Azərbaycanın qələbəsinin Türk dünyasında milli qürur və həmrəylik dalğası yaratması bu birliyin emosional və mənəvi dayağını daha da gücləndirdi. Bu gün TDT-nin beynəlxalq nüfuzu artırsa, burada Azərbaycanın ardıcıl və prinsipial siyasətinin payı danılmazdır. Azərbaycan həm təşəbbüskar, həm də etibarlı tərəfdaş kimi çıxış edərək Türk dövlətlərini vahid strateji məqsədlər ətrafında birləşməyə sövq edir. Türk Dövlətləri Təşkilatı artıq regional qurumdan qlobal güc mərkəzinə doğru irəliləyir və bu prosesin aparıcı qüvvələrindən biri məhz Azərbaycan və onun lideridir. Azərbaycanın diplomatik çevikliyi, iqtisadi potensialı və siyasi iradəsi Türk dünyasının gələcək strateji xəttinin müəyyənləşməsində həlledici amilə çevrilib".
Bütün xəbərlər Facebook səhifəmizdə