"Paşinyan konstitusiya dəyişikliyi məsələsində “ilişib”..."

Mətləb Salahov: “Rəsmi İrəvanın konstitusiya dəyişikliyi üçün heç bir ciddi addım atmaması real sülhə olan ümidləri də azaldır”

“Ermənistan rəhbərliyinin konstitusiya məsələsində nümayiş etdirdiyi hazırkı mövqe tezliklə Sülh Müqaviləsinin imzalanacağı ehtimalını heçə endirir. Xüsusilə Nikol Paşinyanın komandasında Azərbaycana qarşı bir sıra ərazi iddiaları ilə “zəngin olan” hazırkı Ermənistan konstitusiyasında dəyişikliyə qarşı çıxanların hər gün artması bunu deməyə əsas verir.”

Bu barədə SİA-ya şərhində jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, Donald Trampın şahidliyi ilə Vaşinqtonda mühüm razılaşmalara imza atan N.Paşinyan hazırda bu siyasi öhdəlikləri yerinə yetirmək həvəsində görünmür. M.Salahov, xüsusilə Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ani Badalyanın son açıqlamalarına diqqət çəkib. “Diqqət edin: Ermənistan XİN-in rəsmisi BMT Baş Assambleyasının 23-29 sentyabr tarixlərində Nyu-Yorkda keçirilən sessiyası ilə əlaqədar "PassBlue" nəşrinə verdiyi müsahibədə ciddi suallar yaradacaq fikirlər səsləndirib. A.Badalyan açıq şəkildə qeyd edir ki, Ermənistanda konstitusiya dəyişikliyinin nəzərdən keçirilməsi gündəmdə deyil. O qeyd edib ki, sülh sazişi layihəsində tərəflərin konstitusiyaları ilə bağlı heç bir müddəa yoxdur. Bu açıq-aşkar siyasi həyasızlıqdır. Çünki Azərbaycan Konstitusiyasında Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Konstitusiyamızın heç bir maddəsində, xırda bəndində belə Ermənistan əleyhinə bircə cümlə belə yazılmayıb.
Əvəzində Ermənistan konstitusiyasında Azərbaycan əleyhinə düşmənçilik və ərazi iddiaları nə qədər desən var. Bəyəm Ermənistan XİN rəsmisinin bunlardan xəbəri yoxdur? Əlbəttdə var. Amma görünür ki, N.Paşinyanın ətrafındakılar həm də daxili siyasətə ünvanlanan siyasi oyunbazlıqla məşğuldurlar. Rəsmi İrəvanın konstitusiya dəyişikliyi üçün heç bir ciddi addım atmaması real sülhə olan ümidləri azaldır”.

Bütün xəbərlər Facebook səhifəmizdə