"Minalar hələ də insan tələfatına səbəb olur" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan öz tarixi hərbi zəfəri ilə ölkənin gələcək inkişaf perspektivlərinin önünü açıb. Bu istiqamətdə əsas sahələrdən biri isə Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərimizin bərpası və orada insanların yaşayış şəraitinin yaradılmasıdır". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, bu, tarixi bir prosesdir. İnsanlar nəhayət ki, öz dədə-baba yurdlarına qayıtmaq imkanı qazanırlar və dövlət bunun üçün əlindən gələn hər şeyi edir, bütün imkanları səfərbər etməyə çalışır: "Təbii ki, ilk növbədə insanların o ərazilərdə təhlükəsiz yaşaması üçün şəraitin yaradılması böyük əhəmiyyət daşıyır. Ancaq təəssüf ki, Ermənistan hələ də Azərbaycana qarşı müharibəni dolayı yollarla davam etdirir. İşğaldan azad edilmiş ərazilərdə Ermənistanın kütləvi şəkildə basdırdığı minalar hələ də insan tələfatına səbəb olur, insanların sağlamlığına ağır zərbələr vurur. Bu da o deməkdir ki, Ermənistan faktiki olaraq Azərbaycanla mina müharibəsi aparır.

Əgər Ermənistan normal bir dövlət olsaydı, savaş bitdikdən dərhal sonra minaların dəqiq xəritələrini Azərbaycana təqdim edərdi və bu qədər faciəvi hadisələr baş verməzdi. Ancaq Ermənistan normal dövlət olmadığı üçün mina müharibəsindən imtina etmək niyyətində görünmür. Azərbaycan isə öz imkanları çərçivəsində minaların təmizlənməsi prosesini intensiv şəkildə davam etdirir. Bu, vətəndaşların öz dədə-baba yurdlarında, işğaldan azad olunmuş ərazilərdə təhlükəsiz və dinc şəraitdə yaşaması üçün böyük əhəmiyyət daşıyır.

Ermənistanın Azərbaycana qarşı mina terrorunu davam etdirməsinə beynəlxalq qurumların reaksiyası da böyük önəm daşıyardı. Təəssüf ki, hələlik beynəlxalq qurumlar bu vacib məsələyə kifayət qədər adekvat reaksiya vermək istəmirlər.

Buna baxmayaraq, Azərbaycan öz ərazilərinin minalardan təmizlənməsi, işğaldan azad olunmuş torpaqlarda tikinti və bərpa prosesini, eyni zamanda insanların ora köçürülməsini davam etdirir. Bu proses böyük strateji əhəmiyyət kəsb edir. Ən azından ona görə ki, Azərbaycanın “Böyük Qayıdış” proqramı bərpa olunmuş ərazi bütövlüyü çərçivəsində aparılan ən önəmli və strateji istiqamətdir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə