“Antiterror əməliyyatları siyasi baxımdan mühüm əhəmiyyətə malikdir” - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

“Azərbaycan Respublikasının keçirdiyi antiterror əməliyyatları həm hərbi, həm də siyasi baxımdan mühüm strateji əhəmiyyətə malikdir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, bu əməliyyatlar ölkə tarixində qızıl hərflərlə yazılacaq hadisələrdən biridir və eyni zamanda dünya hərb tarixində nadir rast gəlinən, yüksək dəqiqliklə planlaşdırılmış nümunəvi əməliyyatlardan sayılır:

“Əməliyyatın ən diqqətçəkən xüsusiyyətlərindən biri ondan ibarətdir ki, bir nəfər də olsun mülki şəxs zərər çəkməmişdir. Ərazidə yaşayan mülki əhalinin təhlükəsizliyi tam təmin olunmuş, onlara əvvəlcədən vaxt ayrılmış, ərzaq və yanacaq yardımı göstərilmiş, nəticə etibarilə ərazidən könüllü şəkildə çıxmaları təmin edilmişdir. Bu, Azərbaycanın humanist və beynəlxalq hüquq normalarına sadiq bir şəkildə hərəkət etdiyini bir daha nümayiş etdirmişdir. Yalnız bir gün ərzində qarşıya qoyulan bütün məqsədlərə tam şəkildə nail olunmuş, geniş ərazilər üzərində suveren nəzarət bərpa edilmişdir. Bu cür sürətli və effektiv əməliyyatların bənzəri nə regionda, nə də beynəlxalq praktikada geniş şəkildə müşahidə olunmur.

Azərbaycan üçün bu hadisənin ən mühüm tarixi əhəmiyyəti isə ondan ibarətdir ki, ölkənin suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa olunmuşdur. Əgər 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmişdisə, bu dəfə bir günlük antiterror əməliyyatı ilə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtləri də tam şəkildə reallaşdırılmışdır.

İkinci Dünya müharibəsindən bu yana bu cür geniş miqyasda həm ərazi bütövlüyünü, həm də dövlət suverenliyini bərpa edən yeganə ölkə kimi Azərbaycan dünya hərb tarixinə unikal bir nümunə kimi düşür.

Bütün bu uğurlar, şübhəsiz ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və uzaqgörən siyasətin nəticəsidir. Bu hadisələr Azərbaycan tarixində əbədi iz buraxacaq, xalqımız isə bu günü qürurla xatırlayacaq və öz ordusu ilə daim fəxr edəcək”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə