"Ermənistan mina xəritələrini tam şəkildə təqdim etməlidir" - ŞƏRH EDİLDİ

"Minaların təmizlənməsi məsələsində Azərbaycan tərəfi Qarabağın işğaldan azad edildiyi gündən etibarən əməli tədbirlər görməyə başlayıb". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.

O bildirib ki, ilk vaxtlar bu proses zəif gedirdi, çünki açıq şəkildə desək, Azərbaycanın bu sahədə əvvəl təcrübəsi yox idi. Qarabağ istisna olmaqla, ölkənin heç bir ərazisində ciddi şəkildə minalanmış sahələr olmayıb və ya müharibədən çıxmış, düşmən tərəfindən tamamilə minalanmış torpaqlar reallığı ilə qarşılaşmamışdıq. Azərbaycan tərəfi zaman keçdikcə bu problemin nə qədər ciddi olduğunu daha aydın gördü: "İşğal dövründə heç kim düşünmürdü ki, ermənilər həmin torpaqları – strateji əhəmiyyətli olsun, ya olmasın – bu qədər qeyri-insani şəkildə başdan ayağa minalayacaqlar. Əksər insanlar elə zənn edirdi ki, minalar yalnız təmas xətti boyunca və ya strateji hərbi əhəmiyyət daşıyan ərazilərdə yerləşdiriləcək. Lakin işğaldan sonra məlum oldu ki, elə yerlər də minalanıb ki, onların heç bir hərbi və ya strateji əhəmiyyəti olmayıb. Bu reallığı anlayan Azərbaycan tərəfi dərhal tədbirlərə başladı. Yeni strategiyalar tətbiq olundu, Türkiyədən dəfələrlə mina təmizləyən texnika alındı, beynəlxalq təcrübələr öyrənildi. Hətta beynəlxalq təşkilatlardan da bu istiqamətdə dəstək istəndi. Nəticədə Qarabağda minalardan təmizləmə prosesi sürətlə getməyə başladı.

Hazırda əsasən təmizlənən ərazilər ya Azərbaycan tərəfinə bəlli olan minalanmış sahələr, ya da ermənilərdən alınmış xəritələr əsasında müəyyən olunan ərazilərdir. Əsas problemlərdən biri isə hələ də bəzi minalanmış ərazilərin xəritələrinin Ermənistan tərəfindən verilməməsidir. Bu, prosesin ən böyük çətinliklərindən biri olaraq qalır. İndi artıq Azərbaycan yumşalma və sülh prosesi fonunda bu istiqamətdə daha çox uğurlar əldə etdikcə, Ermənistan tərəfinə həmin xəritələrin təqdim olunması məsələsi daha qətiyyətli şəkildə qoyulmalıdır. Əgər bu baş verməzsə, Azərbaycan Ermənistan tərəfinə rəsmi nota və xəbərdarlıq formasında müraciətlər etməlidir.

Qarabağ elə bir regiondur ki, onun Azərbaycan iqtisadiyyatı üçün böyük potensialı var və bu potensial 30 il ərzində əlimizdən alınıb. İndi işğal başa çatdıqdan sonra Qarabağda iqtisadi proqramların icrası məhz mina problemi səbəbindən əngəllənir. Bu səbəbdən Azərbaycan artıq daha sərt tədbirlər görməli və Ermənistan tərəfindən mina xəritələrinin tam şəkildə təqdim olunmasına nail olmalıdır. Yalnız bu halda Qarabağ mina təhlükəsindən azad edilə və regionun iqtisadi-strateji potensialından tam şəkildə faydalanmaq mümkün olacaq".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə