"Bu ərazilərə yeni həyat və yeni nəfəs gəlmək üzrədir" - MÜNASİBƏT BİLDİRİLDİ
"Azərbaycan dövləti 44 günlük Vətən müharibəsindəki tarixi qələbədən sonra, xüsusilə də, ərazi bütövlüyümüzün tam bərpasından sonra işğaldan azad olunmuş ərazilərimizdə sıfırdan böyük meqa-layihələr həyata keçirir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.
O bildirib ki, erməni terrorçuları, işğalçılarının 30 ilə yaxın işğal etdiyi və divan tutduğu, yerlə-yeksan etdiyi, dağıtdığı ərazilərdə sıfırdan yeni şəhər, kənd və qəsəbələr qurulur: "Keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması üçün Azərbaycan dövləti öz iqtisadi imkanları hesabına bütün mümkün vasitələrdən istifadə edir. "Böyük Qayıdış" prosesi artıq uzun müddətdir ki, uğurla həyata keçirilir. Son dövrlərdə işğaldan azad olunmuş Laçın şəhərində, Laçın şəhərinin digər ərazilərində xeyli yenidənqurma işləri həyata keçirilir, sosial, yaşayış obyektləri, infrastruktur layihələri reallaşdırılır. Laçınlılar da digər işğaldan azad olunmuş rayonların sakinləri kimi bu ərazilərə köçürülür.
"Böyük Qayıdış" prosesi uğurla həyata keçirilir. Bu, Azərbaycan dövlətinin siyasi iradəsindən irəli gələn məsələdir. Eyni zamanda da bütün dünya ictimaiyyətinin gözü qarşısında Azərbaycan dövləti sübut edir və göstərir ki, bu ərazilər tarixi ata-baba yurdumuzdur. Bu ərazilərə yeni həyat və yeni nəfəs gəlmək üzrədir. Təbiidir ki, "Böyük Qayıdış" prosesi bundan sonra da uğurla davam etdiriləcək. Çünki keçmiş məcburi köçkünlər nə qədər özləri bu ərazilərə həvəslə, fəxr və qürur hissi ilə qayıtmaq arzusundadırlarsa, bir o qədər də Azərbaycan dövləti bununla paralel olaraq ərazilərin bərpası, yenidən qurulması və bu layihələrin həyata keçirilməsi istiqamətində bütün mümkün imkanlarını səfərbər edib.
Qarşıdakı dövrlərdə də təkcə Laçına yox, digər - Şuşa, Füzuli, Ağdam kimi işğaldan azad olunmuş digər ərazilərdə də həm yenidənqurma, bərpa işləri həyata keçiriləcək, həm də paralel olaraq keçmiş məcburi köçkünlər öz yurd-yuvalarına qayıdacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə