İstanbul Bələdiyyəsi üzvlərinin terror təşkilatları ilə əlaqələri müəyyən edilib
İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan iki ayrı istintaq çərçivəsində İBB sədri Əkrəm İmamoğlu ilə yanaşı saxlanılanlar arasında şəhərin Bəylikdüzü və Şişli bələdiyyələrinin sədrləri, eləcə də tanınmış müğənni Ercan Saatçi də var. SİA xəbər verir ki, İstanbul şəhər Prokurorluğu bu istiqamətdə aparılan istintaqla bağlı yazılı açıqlama yayıb.
Qeyd olunub ki, istintaq Cümhuriyyət Xalq Partiyasındakı (CHP) “pul sayma” görüntüləri ilə bağlı aparılan araşdırma çərçivəsində ifadə verən şahidlərin İmamoğlu və bir çox şəxsin iş adamlarınından pul tələb etdikləri, bəzi iş adamları ilə birlikdə qanunsuz qazanc əldə etdikləri, vasitəçi şəxslər üzərindən alqı-satqı edərək qanunsuz yolla əldə edilmiş çirkli pulları yuduqları və pul köçürmələri zamanı “gizli fond” kimi tanınan mülki şəxslərdən istifadə etdikləri barədə ifadələri əsasında başladılıb.
İstintaq çərçivəsində Əkrəm İmamoğlunun cinayətkar qruplaşmanın rəhbəri olduğu, Beylikdüzü Bələdiyyə başçısı olduğu dövrdən etibarən yanında olan və ona bağlı şəxsləri İBB sədri olduqdan sonra Böyükşəhər Bələdiyyəsinin idarələrinə və törəmə şirkətlərinə rəhbər vəzifələrə gətirdiyi qeyd edilib. Açıqlamada, bu cinayətkar qruplaşmanın fəaliyyətini davam etdirmək məqsədilə öz daxilində struktur yaratdığı, bir çox bələdiyyə törəmə şirkətində qanunsuz tenderlər vasitəsilə “tenderə müdaxilə”, “dələduzluq”, “şəxsi məlumatların qanunsuz əldə edilməsi” və “rüşvət” kimi cinayətləri təşkilatlı şəkildə törətdiyi müəyyən edilib.
İstintaqda cinayətkar təşkilatın rəhbəri kimi müəyyən edilən İmamoğlu başda olmaqla ümumilikdə 100 nəfər barəsində sadalanan və bir çox bu kimi cinayətlərdən saxlanılma, axtarış və əmlakının dondurulması ilə bağlı təlimat verilib.
Açıqlamaya görə, PKK/KCK terror təşkilatının xüsusilə İstanbul və digər böyük şəhərlərdə fəaliyyətini artırmaq məqsədilə ötən il martın 31-də keçirilən yerli özünüidarə seçkilər zamanı “şəhər razılaşması” adlanan bir strategiyanı həyata keçirdiyi müəyyən olunub. Bu çərçivədə, təşkilatın rəhbərlərindən olan Cemil Bayık və Mustafa Karasunun seçkilər öncəsi öz fikirlərini və təlimatlarını terror təşkilatına yaxın media vasitəsilə çatdırdığı qeyd edilib.
Məlumatda İstanbul yerli özünüidarə seçkiləri üçün İmamoğlunun “şəhər razılaşması” çərçivəsində HDK (Xalqların Demokratik Konqresi) adlı təşkilatla ittifaq qurduğu və bunun terror təşkilatına bağlı media qurumları tərəfindən də bildirildiyi vurğulanıb. Bu istintaq çərçivəsində İstanbul və digər şəhərlərdə HDK üzvlərinə qarşı eyni vaxtda həbs və saxlanılma əməliyyatlarının həyata keçirildiyi qeyd edilib.
Bundan əlavə, CHP-nin siyahısından bələdiyyə məclis üzvü vəzifəsinə seçilən və bələdiyyə başçısının müavinləri kimi təyin olunan bəzi şəxslərin terror təşkilatları ilə əlaqələrinin olduğu aşkarlanıb. 31 mart seçkilərindən bir neçə gün əvvəl CHP-yə üzv olan bəzi şəxslərin HDK məlumat bazasında keçdiyi və təşkilat üzvü olduqları müəyyən edildiyi bildirilib.
Məlumatda İBB-yə bağlı bəzi qurumlarda terror təşkilatına yaxın şəxslərin işə alındığı, İmamoğlunun digər şübhəlilərlə birlikdə bələdiyyə məclis üzvlüyü siyahılarını şəxsi təsdiqi ilə formalaşdırdığı və bunun terror təşkilatının şəhərlərdə təsirini artırmaq məqsədinə xidmət etdiyi vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə