Milli Məclisdə 14 məsələ müzakirə olunub -YENİLƏNİB

Martın 18-də parlamentin sədri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti iclası keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, S.Qafarova gündəliyə 14 məsələnin daxil edildiyini və birinci məsələnin “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında qanun layihəsi olduğunu deyib.

O bildirib ki, beynəlxalq sənədlə bağlı olduğuna görə layihə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda qəbul edilməlidir.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov bu qanun layihəsini təqdim edib.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənədin iqtisadi baxımdan və beynəlxalq münasibətlər nöqteyi-nəzərindən xüsusi əhəmiyyət kəsb etdiyini deyib, rəhbərlik etdiyi komitənin müsbət rəy verdiyini bildirib.

Deputatlar məsələ ilə bağlı fikirlərini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sahibə Qafarova növbəti 5 məsələnin uyğunlaşdırma və dəqiqləşdirmə xarakteri daşıdığını, həmin sənədlərin müvafiq qanunvericiliyə uyğun olaraq bir oxunuşda qəbul ediləcəyini bildirib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Lisenziyalar və icazələr haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair məlumat verib. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin mahiyyətini nəzərə çatdırıb.

Bildirilib ki, sənəd on üç qanunun qiymətləndirmə məsələlərini tənzimləyən müddəalarının "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanunun ayrı-ayrı normalarına uyğunlaşdırılması məqsədilə hazırlanıb.

Aqrar siyasət, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər komitələrinin bu məsələ barədə müsbət rəy verdiyi qeyd edilib. Qanun layihəsi səsə qoyularaq qəbul olunub.

İclasda Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.

Bildirilib ki, layihə terminlərin eyniliyinin təmin olunması və uyğunlaşdırılması məqsədilə hazırlanıb. Qanunun 52-ci və 57-ci maddələrində "dövlət ekoloji ekspertizasının obyektləri barədə ekspert rəyi" ifadəsinin "ekoloji ekspertiza rəyi" ifadəsi ilə əvəz olunması təklif olunur. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib.

Nəzərə çatdırılıb ki, adıçəkilən Qanunda əlilliyi olan şəxslərin səhhətinə və ailə başçısını itirmiş ailələrə vurulmuş ziyana görə zərərçəkmiş şəxslərə onların əlillik dərəcəsindən asılı olaraq birdəfəlik kompensasiyanın verilməsi, habelə 1986-1990-cı illərdə Çernobılda qəzanın nəticələrinin ləğv edilməsi iştirakçılarına səhhətinə vurulmuş ziyana görə hər il üzrə kompensasiya verilməsi ilə bağlı müddəalar nəzərdə tutulub.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri gündəliyin növbəti 4 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu söyləyib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Dərman vasitələri haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. O, rəqəmsal mühitdə reklam fəaliyyətinin tənzimlənməsinə zərurət yarandığını və sənəddə nəzərdə tutulan dəyişikliklərin reklam fəaliyyətindəki yeniliklərlə bağlı olduğunu söyləyib.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Sosial xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair məlumat verib. O qeyd edib ki, layihə çətin həyat şəraitində olan şəxslərə göstərilən sosial xidmətlərin səmərəliliyinin artırılması, keyfiyyətinin yaxşılaşdırılması, ünvanlılığının, eləcə də ehtiyacı olan şəxslərin bu xidmətlərə əlçatanlığının təmin edilməsi məqsədilə hazırlanıb.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

“Baytarlıq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verən Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, sənəd qanunvericiliyin təkmilləşdirilməsi və qeydiyyat üçün ödənilən xərclərin ləğvi məqsədi ilə hazırlanıb. Belə ki, heyvanlar üçün bioloji preparatlar istehsal etmək istəyən sahibkar mövcud qanunvericiliyə görə həm lisenziya, həm də qeydiyyat prosedurundan keçməli, dövlət rusumu ödəməlidir.

Qanun layihələri birinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin qalan dörd məsələsi ikinci oxunuşda olan qanun layihələridir. On birinci məsələ barədə məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib ki, “Nəqliyyat haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı birinci oxunuşda ətraflı məlumat verilib və sənədlə bağlı deputatlar tərəfindən hər hansı bir təklif, qeyd irəli sürülməyib.

Gündəliyin on ikinci məsələsi olan "Təhsil haqqında" və "Peşə təhsili haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov məlumat verib. O qeyd edib ki, təqdim edilən qanun layihəsi barədə birinci oxunuş zamanı ətraflı məlumat verilib və dəyişikliklərə dair deputatlar tərəfindən heç bir təklif bildirilməyib.

Növbəti qanun layihəsi - “Feldyeger rabitəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev məlumat verib. O bildirib ki, layihə barədə birinci oxunuşda ətraflı məlumat verilib və dəyişikliklərlə bağlı komitəyə heç bir təklif daxil olmayıb.

Gündəliyin sonuncu məsələsi olan "Konstitusiya Məhkəməsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov məlumat verib.

Deputatların dəyişikliklər barədə fikirləri dinlənildikdən sonra qanun layihələri ikinci oxunuşda qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə