“USAİD müxtəlif ölkələrdə 80 hərbi çevrilişin baş verməsinə nail olub” - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycanda USAİD-in fəaliyyəti ilə bağlı olan məqamlar bilavasitə Ermənistan-Azərbaycan münaqişəsi üzərindən biruzə verirdi. Çünki Samanta Pauer və ona yaxın şəxslərin zaman-zaman Ermənistana, işğal altında olan Azərbaycan ərazilərinə səfər etməsi, separatçılığı təbliğ edən dairələrə maliyyə yardımı göstərilməsi, onlardan hədiyyələr alması onu göstərir ki, Samanta Pauerlə Ermənistan rəhbərliyi arasında çox sıx əlaqələr olub. ABŞ-ın xarici siyasətinin Cənubi Qafqazla olan elementi daha çox USAİD-in buradakı fəaliyyəti üzərindən təşkil olunub. Burada da ermənipərəst qüvvələrin çoxluq təşkil etməsi, ABŞ-da fəaliyyət göstərən erməni diasporu ilə sıx əlaqədə olması, erməni narativləri üzərində siyasətini qurması gətirib ona çıxarırdı ki, zaman-zaman ABŞ-la Azərbaycan arasında münasibətlərdə də müəyyən bir soyuqluğu hiss edirdik. Demokratların hakimiyyətdə olduğu illərdə bu daha qabarıq şəkildə biruzə verirdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Allahverənov deyib.

Onun sözlərinə görə, respublikaçılar demokratlardan fərqli olaraq daha bir proqmatik siyasət yürüdən tərəf qismində özünü biruzə vermişdi: “Xüsusilə də Cənubi Qafqaz bölgəsi və burada gedən çox proseslərə onlar müdaxilə etmək niyyətində olmadıqlarını dəfələrlə dilə gətirmişdilər. Ən azından 44 günlük Vətən müharibəsi zamanı da biz eyni hadisələrin şahidi olduq. Amma demokratlar bütün imkanlardan istifadə edirlər ki, ölkələrin daxili işinə qarışsınlar, bölgələrdə gedən siyasi proseslərə müdaxilə etsinlər, özlərinə uyğun bir geosiyasi konfiqurasiyanın qurulmasına nail olsunlar. Bu da həm bəzi hallarda beynəlxalq hüququn təməl prinsiplərinə zidd, həm beynəlxalq münasibətlər sistemini konstruktiv bir məcrada mövcud olmasının qarşısının alınmasına gətirib çıxaran hallar olmuşdu.

Digər tərəfdən də yaddan çıxarmayaq ki, USAİD dediyimiz qurum ABŞ hökuməti tərəfindən yaradılmış və eyni zamanda ABŞ-ın dövlət departamenti tərəfindən maliyyə cəhətdən dəstəklənən bir agentlikdir. Nə qədər bunun ictimai təşkilat, yaxud müstəqil qurum olduğunu dilə gətirsələr də birbaşa olaraq ABŞ dövlət departamenti ilə USAİD arasında çox sıx əlaqələr var idi. Bu bəlli idi. Bəzi proseslərdə öndə USAİD-i görsək belə arxa fonda prosesi idarə edən qüvvələr olub.

Bir vacib məqam da ondan ibarətdir ki, USAİD beynəlxalq inkişaf məqsədləri ilə yaradılmış bir agentlik olub. Beynəlxalq inkişaf dedikdə burada yoxsulluğun aradan qaldırılması, sosial tarazlığın yaradılması, digər iqtisadi zəmində olan irəliləyişlərin əldə olunmasına xidmət edən bir proqramların təbliğatçısı idi. Həmçinin, proqramların icrasına cavabdeh olan bir agentlik olmalı idi. Amma bu agentlik yarandığı ilk illərdən artıq özünü ifşa etmişdi. Hətta bəzi informasiyalar dolaşır ki, USAİD müxtəlif ölkələrdə 80 hərbi çevrilişin baş verməsinə nail olub. Biz bu cəhdləri bu yaxınlarda həm də Gürcüstanda da gördük. USAİD-in burada rolu var idi. Bu kimi fəaliyyətlər yolverilməzdir. Hal-hazırda aparılan araşdırmalar, cinayətkar əməllərə yol verilmiş hərəkətlərin nədən olmasına işıq olacaq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə