"Cənab Prezident Azərbaycan tarixinə öz adını qızıl hərflərlə yazan Prezidentdir". Bu sözləri SİA-ya açıqlamasında deputat, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib.
O bildirib ki, 30 illik işğal dövründən sonra torpaqlarımız azad olundu: "Azərbaycanın 270 illik tarixində ilk dəfədir ki, işğal altında olan torpaqlarımızı azad etdik. Cənab Prezidentin uğurlarını 21 illik prezidentlik dövründə saymaqla bitməz. Bu uğurlar bir-birini əvəz edib. Bu müddət ərzində Azərbaycan güclü, qüdrətli və dünya siyasətində xalqının və dövlətinin iradəsini diktə edən bir dövlətə çevrilib.
Prezidentin xüsusilə 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasına gəlişini qeyd etmək istəyirəm. Dövlət başçısı Qarabağ müharibəsindən sonrakı dövr üçün Azərbaycan dövlətinin və millətinin strateji hədəflərini elan etdi. Bu iki il ərzində bu istiqamətdə möhtəşəm addımlar atılıb. Qərbi Azərbaycan həqiqətləri dünya arenasına çıxarılıb. BMT-nin tribunasından, digər ali kürsülərdən cənab Prezident hər fürsətdə istifadə edərək bu həqiqətləri dünyaya çatdırıb. Buna görə də 24 dekabr günü həm də Qərbi Azərbaycan İcması, bütün azərbaycanlılar üçün tarixi gündür. Cənab Prezidentin tapşırıqlarına uyğun olaraq biz Qərbi Azərbaycana qayıdış konsepsiyasını hazırladıq. Bu konsepsiyanın icrası istiqamətində addım-addım irəliləməkdəyik".
"Bu yaxınlarda Rusiya kanalında çıxışında, digər bütün sonuncu çıxışlarında da cənab Prezident Qərbi Azərbaycana qayıdış məsələsini həmişə ön plana çəkib. Bildirib ki, tarixi ədalətimiz mütləq zəfər çalmalıdır. 36 ildən bəri qaçqınlıq həyatı yaşayan Qərbi azərbaycanlılar öz ata-baba yurdlarına qayıtmalıdırlar. Sonuncu çıxışında cənab Prezident bir daha Ermənistan rəhbərliyini Qərbi Azərbaycan İcması ilə danışıqlar aparmağa çağırdı. Bizim də bununla bağlı Ermənistan rəhbərliyinə müraciətimiz olub. Şübhə etmirik ki, qarşıdan gələn 2025-ci ildə biz bu istiqamətdə daha irəli gedən addımlar atmış olacağıq. Ermənistan rəhbərliyi də bizimlə hesablaşmaq məcburiyyətində qalacaqlar" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə