Dövlət Sərhəd Xidmətinin (DSX) bütün hərbi hissə və bölmələrində xalqımızın xilaskarı, müstəqil dövlətimizin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirlər keçirilib. DSX-nin mətbuat mərkəzindən SİA-ya verilən məlumata görə, Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar DSX-nin rəhbər heyəti və hərbi qulluqçuları Fəxri xiyabanda xalqımızın dahi oğlunun əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə güllər düzüblər.
Daha sonra DSX-nin ali zabit heyəti görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər.
DSX-nin Aparatında keçirilən tədbirdə şəxsi heyət öncə Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzində Ümummilli Liderin nəsillərə nümunə olan həyat və fəaliyyətini əks etdirən foto-ekspozisiya ilə tanış olublar.
Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən, tarixə öz adını əbədi həkk etmiş fenomen şəxsiyyətin, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmiş, Vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə böyük sevgi nümunəsi olan qüdrətli siyasi xadimin həyat və fəaliyyətindən söz açıblar.
Dahi öndərin ölkəmizə rəhbərlik etdiyi illərin intibah, milli tərəqqi, müstəqil dövlət quruculuğu dövrü olduğu qeyd edilən tədbirdə böyük dövlət xadiminin müstəqil Azərbaycanın sərhəd mühafizəsinin inkişafındakı misilsiz xidmətləri minnətdarlıq hissi ilə xatırlanıb.
Ulu Öndərin müəllifi olduğu milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə yerinə yetirilməsi, ardıcıl həyata keçirilən islahatlar sayəsində DSX-nin sürətlə inkişaf edərək, dövlət sərhədlərini ən yüksək standartlar səviyyəsində mühafizə etməyə qadir olan bir quruma çevrilməsi qürur hissi ilə vurğulanıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurların Heydər Əliyevin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyaların davamı olduğu xüsusi qeyd edilib.
Tədbirin sonunda Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunan “Heydər Əliyev - Xilaskar ömrü” sənədli filmi nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə