“Heydər Əliyev Məktəbi”nin növbəti məşğələsi keçirilib - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatında Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə gənclər arasında maarifləndirmə işini təşkil etmək, Dahi Liderin irsini təbliğ etmək məqsədilə yaradılmış ənənəvi “Heydər Əliyev Məktəbi”nin növbəti məşğələsi keçirilib. SİA xəbər verir ki, məktəbin növbəti məşğələsində YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Milli Məclisin Deputatı, YAP İdarə Heyətinin üzvü Tahir Mirkişili və şəhərin fəal gəncləri arasından seçilmiş dinləyicilər iştirak ediblər.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Əvvəlcə şəhər təşkilatının sədri çıxış edərək vurğulayıb ki, bu gün hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Azərbaycan gəncliyinin lideri olan möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır. Əlbəttə ki, bu günün gəncliyi vətənpərvər, sağlam ruhlu, özünə inamlı, mübariz gənclikdir. Əminliklə deyə bilərik ki, Azərbaycan gəncliyi dövlət başçısının iqtisadi-siyasi, mədəni arenadakı siyasi fəaliyyətini birmənalı dəstəkləyir.

Milli Məclisin Deputatı, YAP İdarə Heyətinin üzvü Tahir Mirkişili “Heydər Əliyev Məktəbi”nin dinləyicilərinə "Heydər Əliyev və Milli İqtisadiyyat" mövzulu məruzə oxuyub. Tahir Mirkişili məruzəsində qeyd edib ki, bu gün Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil bir dövlətdir. Artıq dövlətimiz mötəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadir, zəngin iqtisadi potensiala malik bir dövlətdir. Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev 1993-cü ildə Azərbaycan rəhbərliyinə yenidən qayıdandan sonra müstəqil dövlətimizin yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirdi, bu sahədə mövcud problemlərin həlli yollarını elmi-nəzəri və praktiki əsasda göstərdi. Bir sözlə Ümummilli liderin hakimiyyəti dövründə əldə olunan sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən geniş miqyaslı iqtisadi islahatların ilkin nəticələri aparılan siyasətin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq edirdi. Ulu öndərin sözləri ilə desək: “İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir!”. Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda çox böyük məna yükünü daşıyan fenomendir. Müstəqil Azərbaycan dövlətinin hər bir atributu Heydər Əliyevin adı, onun yorulmaz fəaliyyəti ilə bağlıdır. Ulu Öndərin rəhbərliyi ilə xalqımız sosial-iqtisadi tərəqqi, milli oyanış, mədəni intibah, azadlıq hərəkatı mərhələsindən keçərək müstəqillik əldə etmiş, suverenliyini və milli birliyini təmin edərək onu qorumaq imkanlarına malik olmuşdu.

Məruzəsinin sonunda gənclərin suallarını cavablandıran Tahir Mirkişili qeyd edib ki, aparılan siyasətin, görülən işlərin nəticəsi kimi tam əminliklə deyə bilərik ki, bu gün Azərbaycan gəncliyi öz intellektual, kreativ və mənəvi-ideoloji yetkinliyi ilə dünya gəncləri arasında qibtə olunacaq nüfuz qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə