"Dəyişiklik olmayana qədər münaqişələr də sona çatmayacaq" - RƏYLƏR

Dünyada vəziyyət sürətlə və bir qayda olaraq mənfi istiqamətdə dəyişir. Yeni münaqişələr, yeni qeyri-sabitlik ocaqları yaranır. Dünyada qanlı müharibələr yeni-yeni əraziləri əhatə edir. Dinc sakinlər ölürlər. Qurbanların və köçkünlərin sayı gündən-günə artır və dəqiq hesablama aparmaq da mümkün deyil. Dünyada baş verən münaqişələrə dur deyən olacaqmı?

SİA hərbi ekspert Ədalət Verdiyev və "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri, hərbi ekspert, "Hərbi And" qəzetinin baş redaktoru Emin Həsənlinin mövzu ilə bağlı fikirlərini öyrənib.

Hərbi ekspert Ədalət Verdiyev: "Dünya durduqca və böyük silah istehsalçısı olan BMT Təhlükəsizlik Şurasının üzvlərinin sayında bir dəyişiklik olmayana qədər münaqişələr də sona çatmayacaq. Mövcud olan münaqişələrin dayandırılması üçün hələlik uyğun olan bir format yaradılmayıb: "Yeni yaranmaqda olan Turan və güclənməkdə olan Qoşulmama Hərəkatı bu proseslərə daha çox töhfə verə bilər, nəinki digər beynəlxalq təşkilatlar. Yaxın perspektivdə biz dünyada davam edən münaqişə ocaqlarının sönməsindən çox onların alovlanmasını müşahidə edəcəyik. Burada əsas prioritetimiz bu münaqişələrdən özümüzü qorumaq üçün təhlükəsizliyimizi daha üstün səviyyəyə çıxarmaqdan ibarətdir. Bu sahədə dövlətimizin də əsas prioriteti məhz müdafiə və təhlükəsizlik səviyyəsinin artırılmasına yönəlib".

"Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri, hərbi ekspert, "Hərbi And" qəzetinin baş redaktoru Emin Həsənli: "Dünya yaranandan münaqişələr var. İbtidai icma quruluşundan bu günə qədər həmişə güclü gücsüzü əzib. Hər zaman fəlsəfə adamları, şair, yazıçılar, fikir adamları sülh istəyiblər. Dinlərin də məqsədi sülhdür. Ancaq güclülər də hər zaman ordu yaradıblar ki, ərazilərini, var-dövlətlərini genişləndirsinlər. Tarix boyu da belə müharibələr olub, bundan sonra da, təəssüflər olsun ki, olacaq. Böyük, kiçik dövlətlər da ordusunun adını Müdafiə Nazirliyi qoyur, heç kim "Hücum Nazirliyi" qoymur. Sülhdən danışan böyük dövlətlər nüvə silahı istehsal ediblər. Biz indi ən gərgin dünyada yaşayırıq. Nüvə silahı ilə dövlətlər bir-birini təhdid edirlər. Müharibələr qeyri-müəyyən vaxta qədər davam edir. Həm Yaxın Şərqdə, həm Rusiya-Ukrayna müharibəsi davam edir. İsrail-Fələstin münasibətləri tam aydınlaşmayıb. Gərgin bir dünyada yaşayırıq. Bəziləri deyir ki, hətta 3-cü dünya müharibəsi başlayıb. Müxtəlif yanaşmalar var. Ona görə də biz düşünsək ki, nə zaman bu münaqişələrdən əl çəkəcək, sülhlə razılaşacaqlar, bu, təəssüflər olsun ki, yaxın zamanda görünmür. Amma düşünürdük ki, texnologiya, elm inkişaf etdikcə, insanlar ağıllandıqca başa düşəcəklər ki, hərə bir ömür yaşayır, bu dünya hamıya bəsdir. Dünyanın ehtiyatlarını bölüb normal yaşamaq olar, amma təkcə insanlarla deyil, təbiətlə də münaqişədir. Ozon qatı zəifləyib, təbii ehtiyatlar tükənir, meşələr məhv edilir. Su ehtiyatı yaxın zamanda böyük problem olacaq. Ona görə də dünya ölkələri yığışıb bir konstitusiyaya gəlməlidirlər. Yoxsa gələcək daha ağır və fəlakətli olacaq. Ya hamı razılaşıb ədalət, sülhlə yaşamalıdır, ya da belə bir qeyri-müəyyən, gərgin şərait davam edəcək, sonunda yaxşı olmayan istiqamətə gedəcək".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə