"Türkiyə ABŞ-ın ona qarşı olan münasibətindən əziyyət çəkir" - ŞƏRH EDİLDİ

"Qarabağ müharibəsində Azərbaycana dəstəkdən sonra Hollandiya, İsveç, Almaniya, Fransa və bir sıra başqa Avropa ölkələri Türkiyəyə silah ixracını qadağan etmiş və ya məhdudlaşdırmışdılar. Konqresdə Türkiyəyə qarşı sanksiya tipli qərarların sayı artmışdı. Açıq şəkildə Türkiyədən tələb olunan bir neçə məsələ var idi ki, onlardan biri də regional məsələlərdə, o cümlədən, Qarabağ məsələsində daha həssas, çəkingən olması idi". Bu sözləri SİA-ya açıqlamasında siyasi analitik Turab Rzayev deyib.

"ABŞ açıq şəkildə bildirirdi ki, Türkiyə Yaxın Şərqdə qeyd-şərtsiz onun müttəfiqi olmalı, istəklərini sorğu-sualsız yerinə yetirməlidir, həmçinin, Türkiyə Yaxın Şərqdə və Balkanlarda digər ölkələrlə, xüsusilə İsrail, Kipr və Yunanıstanla qarşılıqlı münasibətləri normallaşdırmalıdır. Bundan əlavə, ABŞ Türkiyədən regional maraqlarından əl çəkməli, Şimali Kipr və Azərbaycanı dəstəkləməməli olduğunu tələb edirdi. Türkiyə də bunları rədd etdiyi üçün ABŞ-la münasibətləri normallaşmır. Təbii ki, Türkiyəyə F16-ların verilməməsində, modernizasiyaların gecikdirilməsində bunların rolu olub. Əslində, bu məsələdə bir yenilik yoxdur",- deyə o əlavə edib.

T.Rzayev sözlərinə davam edərək bildirib ki, Türkiyə ABŞ-ın ona qarşı olan münasibətindən əziyyət çəkir: "Bununla bağlı Türkiyə dəfələrlə vurğulayıb ki, əgər biz müttəfiqiksə, ABŞ bu silahları ona verməlidir. Lakin əksinə ABŞ bu silahları Türkiyənin düşmən olduğu dövlətlərə verir. Bu da Türkiyə siyasətində vaxtaşırı anti-amerikanizm cərəyanının güclənməsinə səbəb olur".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə