Qrantyeyənlərin yaratdığı "Təhsil fondu" layihəsi kimə və nəyə xidmət edir? - EKSPERTLƏR DANIŞDI
Bu günlərdə Azərbaycanın informasiya məkanına şok məlumat daxil oldu. Bəlli oldu ki, Londonda İngiltərə və Uels üçün Xeyriyyə Komissiyası tərəfindən “Azərbaycan Gənclərinin Təhsil Fondu” (AGTF) qeydə alınıb. Kiçik araşdırma nəticəsində məlum oldu ki, bu “xeyirxah” işin həmmüəllifləri cəmiyyətdə yalnız mənfi imicləri ilə tanınan Milli Şuranın fəxri sədri, bu yaxınlarda həm ABŞ-dan, həm də İngiltərədən qovulan (ona müasir dildə deportasiya deyirlər – müəllif) tarix professoru Cəmil Həsənli, diplomatik fəaliyyətində yol verdiyi satqınlıq, xəyanət cəzasından yayınmaq üçün Avropa dövlətlərindən birinə qaçan Arif Məmmədov və hələlik iqtisadiyyatda heç bir uğur qazana bilməyən, əvəzində siyasi partiyasını da itirən Qubad İbadoğludur. Qrantyeyənlərin "fond layihəsi" kimə və nəyə xidmət edir? SİA mövzu ilə bağlı QHT rəsmiləri və ekspertlərin fikrini alıb.
Siyasi şərhçi Azər Həsrət: “Təhsil elə bir strateji məsələdir ki, burada özfəaliyyətə yer verilməməlidir. Özəlliklə də öz dövlətinə deyil, xarici dövlətlərə bağlı adamlar Azərbaycan təhsilinə bu cür müdaxilə etməməlidir. Əlbəttə ki, kiməsə hansısa formada dəstək olmaq istəyirlərsə, bu başqa məsələdir. Lakin belə məsələlər Azərbaycan dövlətinin bilgisi çərçivəsində olmalıdır. Bildiyiniz kimi, uzun illər Azərbaycanda xüsusilə dini təhsil istiqamətində hərc-mərclik vardı. Yerindən duran hər kəs şübhəli ölkələrdə ali dini təhsil alır və yenidən qayıdaraq anti-Azərbaycan fəaliyyətlərə qurşanırdı. Belə şeylərə görə Azərbaycanın başı az ağrımayıb. Bu baxımdan düşünürəm ki, nəinki dini, ümumiyyətlə dünyəvi təhsil ilə bağlı da özfəaliyyətə yol verilməməlidir. Ona görə də Azərbaycan vətəndaşları bu cür adamların qurduğu "fond"a müraciət edərkən ciddi düşünməlidir. Eyni zamanda, dövlət də vaxtında öz xəbərdarlığını etməlidir”.
Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov: “Açığını deyim ki, cəmiyyətə gərəksiz hesab etdiyim bu adamların millətin xeyrinə, cəmiyyətin inkişafına xidmət edəcəklərinə inanmıram. Əslində, bu gün Azərbaycan cəmiyyətində gənclərin təhsil məsələsi prioritet məsələlərdəndir və bu baxımdan belə bir "fond"un yaradılması gözqamaşdırıcıdır. Lakin yaradılan istənilən yeni təsisatın gələcəyi onu yaradanların kimliklərindən çox asılıdır. Bu baxımdan Cəmil Həsənli, Qubad İbadoğlu kimi adamların milli mənafelər naminə fəaliyyət göstərəcəklərinə inanmıram. Ola bilsin ki, belə bir "fond" yaradılması xaricdən verilən siyasi məqsədli sifarişlə bağlıdır. Yəni, Fətullah Gülənin "camaat" formalaşdırması yönündə fəaliyyət məqsədi ola bilər. Bu isə cəmiyyətin bütövlüyünü, birliyini pozmaq üçün ən səmərəli üsullardan biridir. Yəni, gəncləri bu "fond" vasitəsilə təhsilə cəlb etmək, xaricdən ayrılan vəsaitlər hesabına oxutmaq, sonra da müxtəlif dövlət strukturlarında yerləşdirərək hakimiyyətə təsir rıçaqları əldə etmək. Nəticə haqqında isə danışmağa ehtiyac görmürəm. 2016-cı ilin yayında qardaş Türkiyədə baş verən məlum 15 temmuz hadisəsini xatırlasaq kifayətdir. Yəni, bu adamların millətin gələcək inkişafına xidmət edəcəklərinə şübhə etdiyim üçün bu qənaətdəyəm”.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev: “Bu addım sadəcə ölkədə vəziyyəti qarışdırmaq məqsədi daşıyır. Gəncləri xaricə göndərməklə guya onlara kömək etməyə çalışır. Özlərini qayğıkeş kimi göstərirlər. Amma Cəmil Həsənlinin yaratdığı "fond"a qoşulan da bədbəxtdir. Mən bu addımı mənasız hesab edirəm.
Həm xaricdə, həm də daxildə düşmənlərimiz çoxdur. Onlar hərtərəfli çalışırlar ki, ölkə başçısının apardığı uğurlu siyasətə maneçilik törətsinlər. Amma buna nail ola bilməyəcəklər. Nə qədər ki bizlər varıq, imkan verməyəcəyik. Cəmil Həsənlini bir dəfə prezident seçkilərində döymüşəm, amma gərək ki qulağını kəsərdim. Cəmil Həsənli ilk növbədə özü ağıllansın, daha sonra "təhsil fondu" yaradar. Doğrudur, bizim təhsilimizdə bəzi nöqsanlar var. Bu sahədə müəyyən işlər aparılır. Qubad İbadoğlu, Cəmil Həsənli və digərləri qondarma "təhsil fondu" yaradaraq ölkədə ortalığı qarışdırmağa çalışırlar. Onların arxasında duran xarici qüvvələrdir, hansı ki Azərbaycanın bugünkü gündə uğurlu siyasət aparmasına və regionda söz sahibi olmasına kölgə salmaq istəyirlər. Bu cür satqın adamların əli ilə buna nail olmaq istəyirlər.
Biz də ideoloji baxımdan lazımi səviyyədə öz işimizi görürük. Kimliyindən asılı olmayaraq heç kəsə ölkə Prezidentinin apardığı işlərə kölgə salmağa imkan verməyəcəm”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə