Orta Dəhliz ölkələri uğurlu inkişafın təminatıdır ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həm diplomatik müstəvidə, həm də iqtisadi sahədə ölkəmizin uğur qazanmasına şərait yaradır. Hər il olduğu kimi, bu il də Davos İqtisadi Forumunda iştirak edən prezident İlham Əliyev bir sıra mühüm görüşlər keçirmiş, forumun tədbirlərində əhəmiyyətli çıxışlar etmişdir. Önəmli məqamlardan biri Prezident İlham Əliyevin yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirakı idi. Panel iclasında çıxış edən dövlət başçısı bildirmişdir ki, Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr arasında əlverişli münasibətlər mövcuddur və bu, uğur qazanmanın vacib şərtlərindəndir. Azərbaycan özünün Qərbində bu layihənin digər iştirakçıları olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir.

Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olan Azərbaycanın ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırdığını vurğulayan Prezident Azərbaycanda bütün zəruri infrastruktur obyektlərinin daha çox yük qəbul etməyə hazır olduğunu qeyd edib və bildirib ki, yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb. Biz artıq Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsini müşahidə edirik və bu, sadəcə başlanğıcdır.

Dövlət başçısı həmçinin əlavə edib ki, Azərbaycan bu ildən etibarən artıq neçə illərdir neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlayıb və bu dəhlizdən, həmçinin karbohidrogenlər üçün də istifadə etmək potensialı mövcuddur.

Orta dəhliz layihəsindən böyük gözləntilərin olduğunu söyləyən Prezident İlham Əliyev bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmağın vacibliyini bildirib. Bu, yeni iş yerlərinin yaranması və yerli istehsalatın inkişafı üçün çox əhəmiyyətlidir. Bu məqsədlə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üzərində çox ciddi işləyir. Nəqliyyat sahəsi isə bizim ixracımızı şaxələndirməyə imkan yaradacaq. Orta Dəhliz və həmçinin Şimal-Cənub Dəhlizi marşrutu üzərində yerləşmək Azərbaycanda əlavə biznes imkanları yaradır. Tezliklə Bakıda dəniz limanının yaxınlığında yerləşən azad zonanın açılışı olacaq.

Uğurun əsas amillərindən biri biznes mühitinin təkmilləşdirilməsi, digəri isə ölkələr arasındakı mehriban əlaqələrdir. Bu baxımdan, Azərbaycanla Gürcüstan, Azərbaycanla Türkiyə, Gürcüstan və Türkiyə arasında münasibətlər və üçtərəfli əlaqələr qlobal miqyasda ən mehriban və balanslaşmış mühitlərdən biridir. Hazırda Azərbaycandan, Gürcüstandan, Türkiyədən Avropaya qədər uzanacaq dəmir yolu əlaqələri müştərək neft-qaz kəmərləri layihələrinin uğurlu icrasından qaynaqlanıb deyən Prezident İlham Əliyev bildirib ki, bütün iştirakçı ölkələrin – Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə və avropalı tərəfdaşların daxil olduğu indiki layihədə bütün nəqliyyat infrastrukturu yaradılmalıdır. Hazırda Azərbaycan Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına və dəniz limanına malikdir. Bununla yanaşı dəmir yolu nəqliyyatı da inkişaf etdirilməlidir.

Təbii qazla bağlı Avropa Komissiyasından daxil olan müraciət əsasında müxtəlif istiqamətlər üzrə başlayan işlər davam edir. Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış anlaşma memorandumunda 2027-ci ilə qədər təchizatı iki dəfə artırmaq nəzərdə tutulur. Avropa İttifaqının təchizatı 20 milyard kub metr səviyyəsində olacaq. Bu məqsədlə keçən ilin sonlarında açılan Yunanıstan-Bolqarıstan interkonnektoru Bolqarıstan və Rumıniyanı təbii qazla təchiz etməyə başlamaq imkanı verdi.

Avropa istehlakçılarının təbii qaza olan tələbatını ödəmək üçün gərgin çalışan Azərbaycan TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ı isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirməyi nəzərdə tutur.

Azərbaycanın yaşıl enerji ilə bağlı potensial çox böyükdür. Xəzər dənizinin külək potensialı 157 qiqavat, qurudakı potensial isə 27 qiqavatdır. Vətən Müharibəsində işğaldan azad etdiyimiz ərazilərdə 10 qiqavat potensialı da nəzərə alsaq, ümumi potensial 200 qiqavata yaxın olur.

2022-ci ilin dekabr ayında Gürcüstandan Rumıniyaya 4 qiqavat gücə malik sualtı kabel xətti çəkmək üçün Buxarestdə imzalanan müqaviləni xatırladan dövlət başçısı hazırda texniki-iqtisadi əsaslandırma işləri aparıldığını bildirdi. Külək və günəş enerjisi hasilatı, elektrik enerjisi, yaşıl hidrogen və digər məsələlərlə bağlı Azərbaycanın planlarına toxunan Prezident İlham Əliyev Ermənistanın beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan sülh sazişini imzalayacağı təqdirdə regionda üçtərəfli əməkdaşlığa başlamağın mümkün olacağını bildirib və əlavə edib ki, 3 Qafqaz ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik, sərhədlərin delimitasiyası sahəsində səylərini birləşdirsə, region daha təhlükəsiz olar.

Məmmədli Günay

YAP Yasmal rayonu “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə