Boris Titov: Azərbaycan üzümçülüyü və şərabçılığı öz keçmiş şöhrətini qaytarır - MÜSAHİBƏ

“Abrau-Durso” şirkətlər qrupunun sahibi: “Bizim vəzifəmiz bu sənayeni bərpa etmək və inkişaf etdirməkdir”

2021-ci ilin dekabrında Rusiyanın “Abrau-Durso” şirkətlər qrupu Azərbaycanda “Şəki Şərab” şərab zavodunun alınması üzrə investisiya müsabiqəsinin qalibi olub. Şirkət üzümçülük rayonlarından biri olan Şəkidə şərab istehsalı, gələcəkdə isə “Mədrəsə” və “Bayanşirə” avtoxton sortlarını əkməklə öz üzüm bağlarını salmağı planlaşdırır. Bu il Rusiya şirkəti artıq “Şəki Şərab” ticarət nişanı ilə şərab məhsullarının ilk xəttini istehsala çıxarıb. “Abrau-Durso” şirkətlər qrupunun sahibi, eyni zamanda Rusiya Prezidenti yanında sahibkarların hüquqlarının müdafiəsi üzrə müvəkkili Boris Titov “Moskva-Baku” portalına müsahibəsində nə üçün hasilatın bir hissəsini Azərbaycana keçirdiklərini açıqlayıb, Şəkidə istehsal olunan şərablar və gələcək planlarından danışıb. O, Azərbaycanda şərabçılığın böyük potensialı və yaxşı perspektivinin olduğunu deyib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Boris Yuriyeviç, siz Azərbaycanda dəfələrlə olmusunuz. Son səfəriniz nə ilə bağlı idi?

- Bura neçə dəfə gəldiyimi dəqiq xatırlamıram. Müxtəlif illərdə burada olmuşam. Həm iş adamı, həm də müxtəlif forumların iştirakçısı kimi. Beləliklə, mən bu dəfə XV Verona Avrasiya İqtisadi Forumunda iştirak etməyə gəldim.

Biz Azərbaycana çox yaxınıq və təkcə ona görə yox ki, qonşu dövlətik. Bizi ümumi ruh birləşdirir. Dövlətlərimizin rəhbərləri arasında xüsusi dostluq münasibətləri də mühüm rol oynayır. Bu isə ikitərəfli əməkdaşlığın inkişafında çox mühüm amildir. Biz başa düşürük ki, Azərbaycan Rusiya üçün çox önəmlidir, lakin Azərbaycan üçün də ciddi perspektivlər açılır. Bu, həm kiçik, həm də orta biznesin, innovativ sahələrin inkişafıdır. Şəxsən mənə gəlincə, məni Azərbaycanla ümumi iş- şərabçılıq birləşdirir.

- Ötən il Şəkidə aldığınız şərab zavodunda işlər necə gedir?

- Doğrudan da, bu yaxınlarda “Abrau-Durso” “ASK Sheki Sharab” şərab zavodunu alıb. Zavodu tenderdə qalib gələrək almışıq. Bu, 1 milyon avrodan bir qədər çox vəsaitə başa gəldi. Bundan əlavə, “Abrau-Durso”nun 2,3 milyon avro dəyərində investisiya öhdəlikləri var, lakin biz artıq onları artıqlaması ilə yerinə yetiririk. İndi Azərbaycanda istehsalı genişləndirmək üçün kifayət qədər xammal var. Dövlət yerli şərabın beynəlxalq bazara çıxmasında maraqlıdır və şərabçılara hərtərəfli dəstək göstərir. Azərbaycan şərabçılığı həmişə inkişaf etmiş və məşhur olmuşdur. Sovet İttifaqı dövründə bütün respublikalar arasında ən çox Azərbaycanda üzüm bağları var idi - 225 min hektar. Bu, qonşu Gürcüstan, Moldova və ya Rusiyadan çox idi. Təəssüflər olsun ki, SSRİ-nin dağılmasının son mərhələsində və ondan sonar baş verən proseslər ona gətirib çıxardı ki, bu üzüm bağlarının əksəriyyəti kəsilib və hələ də tam bərpa olunmayıb. Deməli, bizim vəzifəmiz bu sənayeni bərpa etmək və inkişaf etdirməkdir. Biz o qədər də sürətlə inkişaf etməyən təsərrüfatlardan birini- “Şəki Şərab” şərab zavodunu alıb ora investisiya qoymağı öhdəmizə götürdük. Çünki onlar bu məsələdə çox ciddi perspektiv görürdülər. Bu gün şirkətimiz artıq Rusiyaya şərab tədarükünə başlayıb. Zavod bu ilin avqustunda işə salınıb və biz artıq Rusiyaya 300 min şüşə şərab göndərmişik.

- Hansı növ şərabı ixrac edirsiniz?

- Şirkətimiz bir neçə növ elit və desert şərabları istehsal edir. “Abrau-Durso”nun istehsalının bir hissəsini Azərbaycana köçürdük. Biz həmçinin köpüklü şərabların istehsalına başlamağı planlaşdırırıq və bunun üçün lazım olan bütün avadanlıqları artıq almışıq. Azərbaycanda çoxdan köpüklü şərab istehsalı ənənəsi var. Məsələn, Bakı Şampan Zavodu məlumdur, təəssüf ki, bu gün praktiki olaraq işləmir. Deməli, biz Şəkidə köpüklü şərab istehsalını bərpa etmək istəyirik. İlk mərhələdə 4 milyon butulkadan çox istehsal edəcəyik.

- “Şəkidəki evim” deyə qeyd edirsiniz. Bu, Azərbaycan şəhəri sizin evinizə çevrilibmi?

- Əlbəttə. Şəki mənə, Bakı kimi, ümumilikdə Azərbaycan kimi doğma olub. Mən dəfələrlə Bakıda olmuşam və bu şəhərdə çoxlu dostlar, tanışlar qazana bilmişəm. Deməli, Azərbaycan mənim üçün çox yaxın ölkədir, az qala vətəndir. Şəkidə biz təkcə şərabçılığın inkişafı ilə bağlı olmayan bir çox başqa məsələlərlə də məşğul oluruq. Biz Şəkinin icra hakimiyyəti ilə sıx əməkdaşlıq edirik.

Yaxın gələcəkdə biz şərabla bağlı bütöv bir muzey kompleksi açmağı planlaşdırırıq. Bu gün biz Azərbaycan şərabçılığının tarixi ilə bağlı arxivləri fəal şəkildə öyrənirik və çox maraqlı eksponatlar tapırıq. Məsələn, biz bu yaxınlarda keçən əsrin əvvəllərinə aid şərab etiketlərinin zəngin kolleksiyasını əldə etdik. Şəkini əks etdirən çoxlu tarixi fransız qravüralarına da rast gəldik. Və bu bizim üçün çox maraqlı işdir. Bütün bu eksponatlar muzeyimizdə nümayiş etdiriləcək. Gələn il aprelin 15-də başlamağı planlaşdırdığımız şərab dequstasiyası turuna başlamaq planları da var.

- Azərbaycan şərablarının hansı növlərini xüsusilə bəyənirsiniz?

- Bunlar Savalan və Meysəri, həmçinin “Caspian Coast” şirkətinin istehsal etdiyi şərablardır. Sonuncunu bu yaxınlarda özüm üçün kəşf etmişəm. Bu şərab sizin ölkədə digərləri kimi məşhur olmaya bilər, lakin maraqlı və keyfiyyəti yaxşı olan şərabdır. Ümumiyyətlə, deməliyəm ki, Azərbaycanda çox keyfiyyətli şərablar var. Burada bir çox şərab zavodları fəaliyyət göstərir ki, onlar hər il öz məhsullarını dünya üzrə tədarük edirlər. Və mən şadam ki, Azərbaycanda bir vaxtlar kənd təsərrüfatının ən inkişaf etmiş sahələrindən biri olan şərabçılıq ölkə rəhbərliyinin apardığı siyasət sayəsində özünün yeni formalaşma dövrünü yaşayır. Bu, həm yüksək gəlirləri olan perspektivli sənaye, həm də dünyanın hər yerindən gələn turistlər üçün güclü maqnitdir. Biz isə bu prosesdə birbaşa iştirak etmək istəyirik.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə