Xəbər saytlarının reytinqini ölçən sistemlər nə dərəcədə obyektivdir?! - AYDINLIQ GƏTİRİLDİ
“Bu məsələ Azərbaycanda media mühitinin ən ciddi və diqqətəlayiq problemlərindən biri kimi qiymətləndirilə bilər”. Bu sözləri SİA- ya açıqlamasında Yeni Media üzrə tədqiqatçı Səbinə İzzətli bildirib.

Ekspertin sözlərinə görə, mövcud müşahidələr və təhlillər göstərir ki, xəbər saytlarının reytinqini ölçən sistemlər ictimai marağı tam və obyektiv şəkildə əks etdirmir. Bu isə həm media orqanlarının nüfuzuna, həm də informasiya istehlakının sağlamlığına mənfi təsir göstərən acınacaqlı bir mənzərə yaradır.
“Əksər reytinq platformalarında istifadə olunan metodologiyanın şəffaf olmaması əsas problemlərdən biri kimi diqqəti cəlb edir. Trafikin hansı mənbələrdən toplandığı, istifadə olunan ölçmə mexanizmləri və nəticələrin necə formalaşdırıldığı barədə ictimaiyyətə açıq və dolğun məlumat təqdim edilmir. Bu qeyri-müəyyənlik isə nəticələrin manipulyasiyaya açıq olmasına zəmin yaradır.
Aparılan müşahidələr göstərir ki, bəzi yerli xəbər saytları göstəricilərini süni şəkildə artırmaq məqsədilə bot trafiki və saxta kliklərdən istifadə edirlər. Bu isə artıq reytinqin real oxucu marağını deyil, kommersiya və müəyyən qurum maraqlarını əks etdirməsinə səbəb olur.
Yeni media tədqiqatçısı kimi iki il əvvəl həyata keçirdiyim araşdırmada yerli beş xəbər saytının ümumilikdə təxminən 6 minə yaxın kontenti təhlil olunmuş və bu proses zamanı süni trafik yaratmağa yönəlmiş müxtəlif cəhdlər aşkar edilmişdir. Bu hallardan biri hiperlinklərin təyinatından kənar istifadə olunmasıdır. Belə ki, oxucu hiperlinkə klik etdikdə, əlaqəli məzmun əvəzinə yenidən həmin saytın ana səhifəsinə yönləndirilirdi. Halbuki hiperlinkin funksiyası oxucunu mövzu ilə bağlı əlavə və izahlı informasiya mənbəyinə keçirməkdən ibarətdir. Bu praktika isə istifadəçi yönləndirməsinin manipulyativ xarakter daşıdığını açıq şəkildə göstərir.
Digər tərəfdən, auditoriyanın böyük hissəsinin xəbərləri sosial şəbəkələr vasitəsilə istehlak etməsi reytinq sistemlərinin yalnız məhdud seqmenti əhatə etdiyini ortaya qoyur. Bu da onu göstərir ki, təqdim olunan statistik göstəricilər cəmiyyətin real informasiya tələbatını tam əks etdirmir və yalnız əlavə indikator kimi qiymətləndirilməlidir.
Mövcud reytinq ölçmə mexanizmləri nə metodoloji, nə də etik baxımdan etibarlı informasiya mənbəyi statusuna malik deyil. Bu səbəbdən həmin rəqəmləri ictimai marağın birbaşa göstəricisi kimi qəbul etmək yanlış yanaşma olar. Əksinə, bu göstəricilər daha çox media mühitində kommersiya yönümlü strategiyaların və süni rəqabət mühitinin təzahürü kimi qiymətləndirilməlidir”.
Müəllif: Günay Hacıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB