Bişkekdə beynəlxalq konfrans - Xalqa bağışlanmış ömürdən anlar

Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun (TDSDF) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Xalqa bağışlanmış ömürdən anlar" mövzusunda onlayn formatda beynəlxalq elmi-nəzəri konfrans keçirilib.

SİA-nın əldə etdiyi məlumata görə, fonddan bildirilib ki, konfransda 11 ölkədən 40-a yaxın görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadim iştirak edib.

TDSDF-nin prezidenti Nüsrət Məmmədov giriş nitqindən sonra tanınmış rejissor Qriqori Naxapetovun müəllifi olduğu, Ulu Öndər Heydər Əliyevə və görkəmli qırğız yazıçısı Çingiz Aytmatova həsr edilmiş “Planet ilə dialoq” adlı sənədli filmdən fraqment nümayiş etdirilib.

Daha sonra Türkiyədə zəlzələ baş verən Hatay şəhərindən videokonfransa qoşulan Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev Ulu Öndər Heydər Əliyev haqqında xatirələrini danışıb.

Qazaxıstanın və Qırğızıstanın Xalq şairi, Qazaxıstanın Milli Qəhrəmanı, Nobel mükafatı laureatı Muxtar Şaxanov, Xalq yazıçısı Çingiz Abdullayev, akademiklər Nizami Cəfərov, Yaqub Mahmudov, Qırğızıstanın Milli Qəhrəmanı, 1994-cü ildə imzalanmış Bişkek protokolunun müəllifi, Qırğızıstan parlamentinin ovaxtkı spikeri Medetkan Şerimkulov, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Azərbaycan Sahibkar Qadınlar Birliyinin sədri Zemfira Ağayeva, Diasporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşı Şəfəq Binnətova, İstanbul İqtisadiyyat Universitetinin professoru Kerem Karabulut, Moskva Dövlət Universitetinin professoru Mehmet Perinçek, Gəncə Dövlət Universitetinin dosenti Bayram Apoyev, şairə Aida Adıgözəl və başqaları çıxış ediblər.

Türk şair-tərcüməçi Yusif Aslanın Heydər Əliyevə həsr etdiyi şeir konfrans iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə konfrans iştirakçıları adından Prezident İlham Əliyevə təbrik məktubunun göndərilməsi və belə bir tədbirin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhərində keçirilməsi qərara alınıb.

Qeyd olunub ki, belə mötəbər tədbirlərin dünyanın bütün ölkələrində keçirilməsi Azərbaycanın daha geniş tanıdılmasına imkan yaradar. Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu tərəfindən konfrans iştirakçılarının çıxışları əsasında kitab hazırlanacaq.

Sonda “Planetlə dialoq” filminin Şuşada təqdimatının keçirilməsi təklif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə