Heydər Əliyev Azərbaycanda dövlət qadın siyasətinin müəllifi və banisidir
Heydər Əliyev adını Azərbaycan xalqının tarixinə əbədi olaraq yazdırıb. Onun millət, Vətən, dövlət üçün göstərdiyi şücaət, qəhrəmanlıq unudulmazdır. Çünki “yox olmaq” astanasına gəlib çıxmış ölkə öz gələcək nicatını, yaşamını onun fəaliyyəti ilə qazandı. Xalqımızın həyatında əsrlər boyu təlatümlü məqamlar çox olub. Amma bunun ən ağırı Ulu Öndərin bəxtinə qismət oldu. Heydər Əliyev Azərbaycanı parçalanmaqdan, vətəndaş müharibəsindən qurtardı və ölkəmizi doğru istiqamətə yönəldərək inkişafımız üçün yol açdı. Azərbaycanın müstəqilliyini əldə etməsi, qüvvətlənməsi, dünya dövlətləri arasında seçilməsi də məhz Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində mümkün olub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Tamam Cəfərova söyləyib.
O bildirib ki, Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi Ulu Öndər Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb. “Ümummilli Liderimizin hələ 1969-cu ildə hakimiyyətə gəldiyi dövrə nəzər salsaq, dövlət strukturlarına, məsuliyyətli ictimai işlərə qadınların irəli çəkildiyini görə bilərik. Bu mənada 1993-cü ildən sonrakı dövrdə də ölkəmizdə qadınlarımızın aktiv fəaliyyəti hər zaman diqqət mərkəzində olub. Azərbaycan qadınına ən yüksək qiyməti Heydər Əliyev verib. Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz Ulu Öndərin adı ilə bağlı olması danılmaz bir tarixi faktdır. O, qadınların idarəetmə, qərarqəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib sayırdı.
Qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissələrindən biri idi. Ümummilli lider Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində respublikamıza rəhbərliyi dövründə Azərbaycan qadınlarının problemlərinin həllinə, onların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunun artırılması məsələlərinə böyük diqqət ayırıb. Məhz bu siyasətin nəticəsində Ulu Öndərin qurucusu olduğu müasir Azərbaycanın inkişafında qadınların rolu əhəmiyyətli dərəcədə artıb”, - deyə T.Cəfərova diqqətə çatdırıb.
Deputat qeyd edib ki, Ümummilli Liderin qadınlarla bağlı məsələlərin həlli üçün imzaladığı mühüm fərman və sərəncamlar qadınların hüquqlarının təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlar idi. Heydər Əliyev hər zaman vurğulayırdı ki, dövlət quruculuğunun bütün mərhələlərində xüsusi xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi üçün bu gün də var-qüvvələrini sərf edirlər. Azərbaycanda lider qadınlar, sahibkar qadınlar yetişir. İqtisadiyyatda, siyasətdə, elmdə, təhsildə, bir sözlə, bunu hər sahədə görmək olar. Hökumətdə, nazirliklərdə, Milli Məclisdə qadınlarımızın fəallığı artmaqda davam edir. Bu kimi müsbət nəticələrin əldə olunmasında Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə qadın hüquqlarının qorunması üçün bir çox qanunlar qəbul etməsi, fərman və sərəncamlar imzalaması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olmasını reallaşdırması tarixi gerçəkliklərdir. Azərbaycan qadınları cəmiyyətin dinamik inkişafı istiqamətində həyata keçirilən irimiqyaslı layihələrdə öz fəallığı ilə seçilirlər.
Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə yaradılan Qadın Problemləri üzrə Dövlət Komitəsi qadın hüquqlarının müdafiəsi istiqamətində müstəsna əhəmiyyətli işlər görüb, mühüm tədbirlər həyata keçirib. Ulu Öndərin iştirakı ilə elə həmin ildə Azərbaycan Qadınlarının I qurultayı, 2003-cü ildə isə II qurultayı təşkil edilib. Qurultayda çıxış edən Heydər Əliyev vurğuladı ki, zəkası, fədakarlığı ilə seçiıən Azərbaycan qadını əsrlər boyu böyük əziyyətlər, zəhmətlər çəkib, amma qadınlarımız bu əziyyətlərin öhdəsindən gəliblər.
T.Cəfərova qeyd edib ki, 1998-ci ilə Ümummilli Liderin imzaladığı “Azərbaycanda qadınların rolunun artırılması haqqında” Fərman hər mənada qadınların fəallığına, cəmiyyətdə öz yerlərini tutmalarına çox böyük dəstək oldu. Ulu Öndərin 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanı isə ölkədə qadın siyasətini daha da gücləndirdi. Həmin ilin iyununda Nazirlər Kabineti “Azərbaycan Respublikasında qadın məsələləri üzrə 2000-2005-ci illər üçün Milli Fəaliyyət Planı”nı qəbul etdi. Bu proqram milli prioritetləri nəzərə alaraq, Pekin Strategiyası əsasında hazırlandı. Proqram siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, təhsil və səhiyyə sahələrini, eləcə də qaçqın və məcburi köçkün qadınların problemlərini əhatə edirdi. Milli Fəaliyyət Planının müddəalarının həyata keçirilməsində həm dövlət strukturlarının, həm də QHT-lərin iştirakı nəzərdə tutulurdu.
“Qadın siyasəti müstəqil Azərbaycan dövlətinin əsas prioritet sahələrindəndir. Qadın hüquqları həm qanunlar, həm də bir sıra məcəllələrlə (Ailə, Mülki, Cinayət, İnzibati Xətalar və s.) təsbit olunub. Heydər Əliyevin geniş və uğurlu dövlət qadın siyasəti həm ölkə daxilində, həm də xaricdə özünü büruzə verirdi və xarici təcrübə öyrənilərək tətbiq edilirdi. Azərbaycan bir sıra beynəlxalq təşkilatlara qoşularaq onların qadın məsələlərini əhatə edən konvensiyalarını, protokollarını qəbul etmiş və qanunvericiliyimizdə qadınların hüquqları mövzusunu təkmilləşdirib. Azərbaycanın 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etməsindən sonra bir sıra təşkilatlara üzv seçilməsi cəmiyyətin inkişafında və dövlət müstəqilliyinin qurulmasında qadınların rolunun daha da artması ilə nəticələnib. Respublikamız 1992-ci ildən etibarən qadınların hüquqlarının qorunması ilə bağlı müxtəlif beynəlxalq konvensiyalara qoşulub.
Ümummilli Lider Heydər Əliyev tərəfindən dövlət qadın siyasətinin həyata keçirilməsi onun imzaladığı fərman və sərəncamlarda, xüsusilə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyanın ratifikasiya edilməsində və bu Konvensiyaya Əlavə Protokolun imzalanmasında öz əksini tapıb. Şübhəsiz ki, Azərbaycan qadınları və ümumiyyətlə, dünyanın bütün qadınları üçün “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsı haqqında” Konvensiya (CEDAW) xüsusi əhəmiyyətə malikdir. 2000-ci ilin fevral ayında “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi” Konvensiyasına Əlavə Protokol qüvvəyə minmişdir. Əlavə Protokol qadınlara fərdi və ya qrup şəklində Konvensiyada nəzərdə tutulmuş hüquqların pozulması barədə birbaşa “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Komitə”yə şikayət etmək hüququ verir”, - deyə T.Cəfərova bildirib.
Deputat qeyd edib ki, qadınların hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların daha da genişləndirilməsi bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdədir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması üçün Prezident İlham Əliyevin Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında yaradılan yeni qurum dövlətimizin başçısının ailələrə, qadınlara və uşaqlara olan diqqət və qayğısının aydın təzahürüdür.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoyub. Təsadüfi deyil ki, Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də öncül ölkələrdən biridir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Fəxrlə deyə bilərik ki, bu gün Mehriban xanım Əliyevanın simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur. Heydər Əliyev Fondu Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ulu Öndərin xatirəsinə ehtiramın nəticəsidir, Heydər Əliyev siyasi məfkurəsinin həmişəyaşar səciyyəsini əks etdirmək zərurətidir. Ümummilli Liderin zəngin irsinin daha dərindən, hərtərəfli öyrənilməsi, onun yaratdığı milli dövlətçilik, azərbaycançılıq ideyaları və ölkə mədəniyyətinin geniş təbliği Heydər Əliyev siyasətinə verilən önəmin göstəricisidir”, - deyən Tamam Cəfərova fikirlərini yekunlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB