"Heydər Əliyev ili"nə həsr olunan inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTOLAR

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının inzibati binasında 18 fevral 2023-cü il tarixdə start verilən İmişli rayon məktəbliləri arasında keçirilən “Heydər Əliyev ili”nə həsr olunan “Yüksəkliyin Heydər Əliyev zirvəsi” adlı inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. SİA xəbər verir ki, tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və əməkdaşlar, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “6 nömrəli Magistral Yolların İstismarı” MMC-nin direktor müavini, YAP fəalı Elşad Astanov, İmişli rayon təhsil sektorunun nümayəndəsi, məktəb direktorları, müəllimlər, valideynlər və şagirdlər iştirak edib.

İlk öncə Ümummilli lider Heydər Əliyevin, Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın və Türkiyədə zəlzələ nəticəsində həyatını itirən minlərlə insanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, Azərbaycanda çoxlu uca dağlar və zirvələr vardır. Lakin hətta ən uca zirvə belə ölkənin hər yanından görünmür. Heydər Əliyev zirvəsi isə nəinki Azərbaycanın hər güşəsindən, hətta yaxın-uzaq ölkələrdən də yaxşı görsənir. Əlbəttə, gücünü doğma torpaqdan alan dağ vüqarlı qəhrəmanlarımız, hökmdarlarımız tariximizdə az olmayıbdır, lakin Heydər Əliyev ucalığında, onun milyonların qəlbində və zehnində əbədiləşən şəxsiyyətində bir fərqlilik var. Çünki o, xalqın içərisindən çıxan, bütün ömrünü sevdiyi xalqına, onun müstəqilliyinə, dövlətçiliyinə xidmətə həsr edən, ümumxalq sevgisi və məhəbbəti ilə ucalan zirvə-şəxsiyyətdir.

Çıxış edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “6 nömrəli Magistral Yolların İstismarı” MMC-nin direktor müavini, YAP fəalı Elşad Astanov qeyd edib ki, dünya siyasət arenasında unudulmaz şəxsiyyətlərdən olan Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan zamanın çətin sınaqlarından şərəflə keçmişdir. Ulu Öndər insanların həyat yoluna işıq saçan təfəkkür və mənəviyyat sahibi idi. Hərəkətləri sadə olsa da, bunun arxasında həmişə böyük məna durardı. Ulu Öndər böyük ideyaya malik idi. Atdığı addımlar, yeritdiyi siyasət, istifadə etdiyi diplomatik üsullar onun uzaqgörənliyini, strateji təfəkkürə sahib olduğunu təsdiq edirdi. Beynəlxalq müstəvidə dünya liderləri də Heydər Əliyevi zəmanəni qabaqlayan dünya miqyaslı dövlət xadimi kimi qəbul edirdilər.

Digər çıxış edənlər böyük istedadı və uzaqgörən siyasəti sayəsində keçmiş SSRİ hökumətinin ali hakimiyyət vəzifələrinə qədər yüksəlmiş, türk dünyasının böyük oğlu Heydər Əliyevin bu imkanlardan xalqının iqtisadi və sosial tərəqqisi, milli oyanışı üçün məharətlə istifadə edə bilməsindən, Azərbaycanda milli dövlətçilik ənənələrinin bərpasında, möhkəmləndirilməsində və qorunmasında böyük xidmətlər göstərdiyindən geniş söhbət açıblar.

Sonda YAP fəalı Elşad Astanovun dəstəyi ilə inşa yazı müsabiqəsində qalib gələn şagirdlərə diplom və xatirə hədiyyələri təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə