Mərkəzi Gömrük Hospitalının terapevti Xumar Novruzova “Bronxial astma ilə bağlı ən çox verilən 3 sual” mövzusunda məlumat verib.
Bronxial astma diaqnozu pasiyentlərdə bəzən narahatlıq və bir sıra suallar yaradır. “Bu xəstəliklə ömür boyu yaşamalıyam?”, “İnhalyator sağlamlığıma zərər verə bilərmi?”, “Dərmandan asılı qala bilərəmmi?” kimi suallar həkimə müraciət edən pasiyentlər tərəfindən tez-tez səsləndirilir.
Əvvəlcə qeyd etmək lazımdır ki, astma xroniki xəstəlikdir, lakin düzgün müalicə ilə nəzarətdə saxlanıla bilər. Astma diaqnozu insanın gündəlik həyatını tamamilə dəyişməsi və aktivlikdən uzaq qalması demək deyil. Müalicənin əsas məqsədi simptomları nəzarətdə saxlamaq, xəstəliyin kəskinləşməsinin qarşısını almaq və pasiyentin normal həyat fəaliyyətini davam etdirməsinə imkan yaratmaqdır.
İnhalyatorlarla bağlı da cəmiyyətdə müəyyən yanlış fikirlər mövcuddur. Xüsusilə tərkibində inhalyasion steroid olan preparatlara qarşı “hormonal olduğu üçün zərərlidir” yanaşmasına rast gəlirik. Lakin bu preparatlar həkimin göstərişi ilə düzgün istifadə edildikdə astmanın nəzarətdə saxlanılmasında mühüm rol oynayır. İnhalyasion steroidlər əsasən tənəffüs yollarında təsir göstərir və iltihabın azalmasına kömək edir.
Bəzən pasiyentlər inhalyatordan istifadə etdikcə ona öyrəşəcəklərini düşünürlər. İnhalyator asılılıq yaratmır. Müalicənin uzun müddət davam etdirilməsi dərmana asılılıqla əlaqədar deyil. Astma xroniki xəstəlik olduğu üçün bəzi pasiyentlərdə uzunmüddətli müalicəyə ehtiyac yarana bilər.
Bir həkim kimi tövsiyəm budur ki, astma ilə bağlı qərarları özünüz verməyin. Dərmanı özbaşına dayandırmaq, dozanı dəyişmək və ya başqa şəxsin tövsiyəsi ilə preparat qəbul etmək düzgün deyil. Hər pasiyentin xəstəliyinin gedişi fərqli olduğundan müalicə də fərdi şəkildə müəyyənləşdirilməlidir.
Astma diaqnozunun olması həyatın bütün imkanlarından imtina etmək demək deyil. Düzgün müalicə, həkim nəzarəti və müalicəyə məsuliyyətli yanaşma ilə astma nəzarətdə saxlanıla bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB