Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımızı asanlaşdırsa da, bizi getdikcə hərəkətsizliyə məhkum edir. Mütəxəssislər hərəkətsizliyin bioloji qocalma proseslərini sürətləndirdiyini iddia edirlər.
Bəs fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir?
Məsələ ilə bağlı terapevt Gülşən Məmmədova SİA-ya açıqlamasında bildirib ki, uzun müddət oturaq qaldıqda orqanizmdə proseslər mənfiyə doğru dəyişir:
“Oturaq həyat tərzində məsələ yalnız az kalori sərf etməyimizlə bitmir. Əzələlərin yığılması azalır, qlükozanın mənimsənilməsi zəifləyir və lipid mübadiləsi pozulur. Əzələ işləmədikcə yağları parçalayan LPL (lipoprotein-lipaza) fermentinin fəaliyyəti kəskin düşür, bədən daha çox insulin ifraz etməyə məcbur olur. Bu da zamanla insulin müqavimətinə, qarın nahiyəsində, qaraciyərdə piylənməyə və diabetə yol açır. Hərəkətsizliyin yaratdığı xroniki iltihab və oksidativ stres bioloji qocalmanın əsas göstəricilərindən olan telomerlərin qısalmasını tətikləyir. Araşdırmalar fiziki aktiv insanlarda telomerlərin daha uzun olduğunu göstərir. Lakin bu, az hərəkət edənin hüceyrəsi dərhal qocalır demək deyil. Söhbət illərlə toplanan metabolik yükdən gedir.
2025-ci ildə 57 tədqiqatı əhatə edən sistematik icmala əsasən, gündə təxminən 5000-7000 addım atmaq sağlamlıq göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Məsələn, gündə 2000 addım atanlarla müqayisədə 7000 addım atan şəxslərdə ümumi ölüm riski 47%, ürək-damar xəstəlikləri riski isə 25% aşağı düşür. Yəni populyar olan “gündə 10 000 addım” sehrli rəqəm deyil. Əsas məsələ gün ərzində hərəkətliliyi artırmaqdır.
Gəzəndə əzələlər “ikinci ürək” rolunu oynayır. Baldır əzələlərinin yığılması venalarda olan qanı yuxarı, ürəyə doğru itələyir. Hərəkətsiz qaldıqda bu əzələ pompası zəifləyir, aşağı ətraflarda venoz durğunluq artır. 2024-cü ildə dərc olunmuş 31 tədqiqatı əhatə edən meta-analizdə oturaq davranışın venoz tromboemboliya (qan laxtalanması) ilə birbaşa əlaqəsi göstərilib. Oturulan hər əlavə saat riskin artması deməkdir. Sümük passiv toxuma deyil. Üzərinə düşən fiziki yükə uyğun olaraq yenilənir. Yerimə və əzələ yığılması sümüyə “möhkəm qal” siqnalı verir. Yük azaldıqda isə sümük kütləsi itirilir.
Əvvəllər yalnız yaşlılarda görünən metabolik fəsadlar xeyli gəncləşib. Artıq 20-25 yaşlı gənclərdə artıq çəki ilə yanaşı insulin müqaviməti, prediabet, II tip diabet, yüksək təzyiq, qaraciyər piylənməsi, bel-boyun ağrıları və xroniki qəbizlik kimi problemlərlə qarşılaşırıq. Xüsusilə gənc yaşda başlayan II tip diabet daha böyük təhlükə saçır. Son elmi icmallar göstərir ki, gənclərdə bu xəstəlik yaşlılara nəzərən daha aqressiv gedir. Çünki insan nə qədər tez xəstələnirsə, diabetin yarada biləcəyi damar, böyrək və digər ağır fəsadların təsiri altında bir o qədər uzun illər qalmalı olur. Əlbəttə, bunun tək səbəbi hərəkətsizlik deyil. Genetika, yanlış qidalanma, yuxusuzluq və stress də böyük rol oynayır. Lakin oturaq həyat tərzi bütün bu risk faktorlarını daha da tətikləyir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB