Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin yüksəkixtisaslı oftalmoloqlar tərəfindən gözlə bağlı müxtəlif şikayətlərlə müraciət edən pasiyentlərə müasir tibbi yanaşma əsasında hərtərəfli oftalmoloji xidmətlər göstərilir.
Burada pasiyentin ilkin müraciətindən başlayaraq ilkin diaqnostika, müalicə, dinamik müşahidə və tibbi göstəriş olduqda kiçik cərrahi müdaxilələr həyata keçirilir. Müayinə və müalicə taktikası pasiyentin şikayətləri, klinik vəziyyəti və aparılan diaqnostik müayinələrin nəticələri əsasında fərdi şəkildə müəyyənləşdirilir.
Müayinə prosesi necə həyata keçirilir?
Oftalmoloqa müraciət edən pasiyent əvvəlcə Poliklinika şöbəsinin qeydiyyat sistemindən keçir. Daha sonra oftalmoloji kabinetdə həkim-oftalmoloqlar t.ü.f.d. Dr. Aynurə Əliyeva və Dr. Aybəniz Zeynalova tərəfindən ilkin oftalmoloji müayinələr aparılır.
Pasiyentin şikayətlərindən və klinik vəziyyətindən asılı olaraq aşağıdakı müasir diaqnostik müayinələr tətbiq edilir:
Viziometriya – görmə itiliyinin yoxlanılması;
Tonometriya – göz daxili təzyiqin ölçülməsi;
Avtorefraktometriya – gözün optik göstəricilərinin və refraksiya xüsusiyyətlərinin aparat vasitəsilə müəyyənləşdirilməsi;
Biomikroskopiya – gözün ön və digər strukturlarının yarıqlı lampa vasitəsilə ətraflı müayinəsi;
Oftalmoskopiya – göz dibinin, tor qişanın və görmə siniri başının qiymətləndirilməsi.
Daha ətraflı diaqnostik qiymətləndirməyə ehtiyac olduqda isə əlavə müayinələr həyata keçirilir. Bunlara:
Gözün ultrasəs müayinəsi;
Göz almasının uzunluğunun ölçülməsi (biometriya);
Paximetriya – buynuz qişanın qalınlığının ölçülməsi;
Kompüter perimetriyası – görmə sahəsinin qiymətləndirilməsi
və digər oftalmoloji müayinələr daxildir.
Müasir avadanlıq və rəqəmsal yanaşma
Mərkəzi Gömrük Hospitalında oftalmoloji müayinələr müasir diaqnostik avadanlıqlardan istifadə edilməklə həyata keçirilir. Bu isə pasiyentin göz sağlamlığının müxtəlif parametrlər üzrə daha ətraflı və dəqiq qiymətləndirilməsinə imkan yaradır.
Oftalmoloji müayinələrin nəticələri müvafiq elektron sistemdə saxlanılır. Bu yanaşma pasiyentin təkrar müraciəti zamanı əvvəlki müayinələrin nəticələri ilə yeni göstəriciləri müqayisə etməyə və göz sağlamlığında zamanla baş verən dəyişiklikləri dinamik şəkildə daha rahat qiymətləndirməyə imkan verir.
Beləliklə, pasiyentin hər bir müraciəti üzrə əldə olunan nəticələrin ardıcıl şəkildə izlənilməsi həkimə xəstəliyin gedişatını qiymətləndirmək, müalicənin effektivliyini izləmək və zəruri hallarda müalicə taktikasına dəyişiklik etmək üçün əlavə imkan yaradır.
Diaqnostikadan müalicəyə qədər kompleks xidmət
Müayinələrin kompleks şəkildə aparılması həkimə görmə funksiyasını və gözün müxtəlif anatomik strukturlarını ətraflı qiymətləndirməyə, mövcud problemin səbəbini müəyyənləşdirməyə və pasiyent üçün uyğun müalicə taktikasını seçməyə imkan verir.
Diaqnoz dəqiqləşdirildikdən sonra pasiyentin klinik vəziyyətinə və tibbi göstərişlərə uyğun olaraq müvafiq müalicə təyin edilir. Zərurət yarandıqda və göstəriş olduqda isə kiçik cərrahi müdaxilələr həyata keçirilərək pasiyentə oftalmoloji xidmət kompleks şəkildə göstərilir.
Oftalmoloqlar t.ü.f.d. Dr. Aynurə Əliyeva və Dr. Aybəniz Zeynalova tərəfindən refraksiya pozğunluqları, qlaukoma, katarakta, göz dibi xəstəlikləri, uveit və digər oftalmoloji problemlərin müayinə və müalicəsi həyata keçirilir.
Göz sağlamlığınıza laqeyd yanaşmayın
Görmənin zəifləməsi, bulanıq görmə, gözdə ağrı və ya qızartı, göz daxili təzyiqdə dəyişiklik, göz qarşısında ləkələrin yaranması və digər narahatlıqlar oftalmoloqa müraciət üçün səbəb ola bilər.
Bəzi göz xəstəlikləri ilkin mərhələlərdə ciddi simptomlarla özünü göstərməyə bilər. Buna görə də müntəzəm oftalmoloji müayinə göz xəstəliklərinin erkən aşkarlanması, görmə funksiyasının qorunması və mümkün fəsadların qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.
Mərkəzi Gömrük Hospitalının Oftalmologiya bölməsində müasir diaqnostik imkanlar, elektron nəticələrin dinamik izlənilməsi, fərdi müalicə yanaşması və zəruri hallarda kiçik cərrahi müdaxilələr bir xidmət zəncirində birləşdirilərək pasiyentlərə kompleks oftalmoloji yardım göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə