“Tibb işçilərinin əməkhaqlarının artırılması dövlətin səhiyyəyə diqqətinin göstəricisidir” -HƏKİM DANIŞDI
“Həkimlik yalnız peşə deyil, insan həyatı və sağlamlığı qarşısında böyük məsuliyyətdir. Bu məsuliyyətin dövlət səviyyəsində qiymətləndirilməsi tibb işçiləri üçün xüsusi əhəmiyyət daşıyır”.
Bu sözləri SİA-ya açıqlamasında Respublika Pediatriya Mərkəzinin allerqoloq-immunoloqu Röyalə Babayeva bildirib.
Onun sözlərinə görə, Tibb işçiləri hər gün insanların sağlamlığının qorunması, xəstəliklərin müalicəsi və həyatların xilas edilməsi naminə böyük fədakarlıq göstərirlər:
” Onların peşəkarlığı, səbr və dözümlülüyü səhiyyə sisteminin dayanıqlı fəaliyyətində mühüm rol oynayır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı təşəbbüsü səhiyyə işçilərinə göstərilən diqqət və qayğının növbəti ifadəsidir. Prezident İlham Əliyevin təşəbbüsü dəstəkləyərək onun icrası ilə bağlı müvafiq tapşırıq verməsi dövlət siyasətində səhiyyənin və tibb işçilərinin sosial rifahının mühüm yer tutduğunu bir daha nümayiş etdirir. Bu qərar ölkədə səhiyyə sahəsinin inkişafına, tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və onların əmək şəraitinin daha da yaxşılaşdırılmasına yönəlmiş ardıcıl tədbirlərin davamıdır.
Əməkhaqlarının artırılması təkcə maddi təminatın yaxşılaşdırılması deyil, həm də tibb işçilərinin əməyinə, biliyinə və peşəkarlığına verilən yüksək dəyər kimi qiymətləndirilir. Bu addım onların sosial rifahına müsbət təsir göstərməklə yanaşı, peşəkar fəaliyyətə marağın və motivasiyanın artmasına da şərait yaradacaq. Eyni zamanda, gənclərin tibb sahəsinə marağının güclənməsinə, ixtisaslı kadrların səhiyyə sistemində saxlanılmasına və peşəkar inkişaf imkanlarının genişlənməsinə mühüm töhfə verə bilər.
Tibb işçilərinin əməyinin layiqincə qiymətləndirilməsi səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Əmək şəraitinin və sosial təminatın yaxşılaşdırılması həkimlərin, tibb bacılarının və digər səhiyyə əməkdaşlarının öz vəzifələrini daha böyük ruh yüksəkliyi və məsuliyyətlə yerinə yetirməsinə imkan verir. Bu isə nəticə etibarilə vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsinə, pasiyent məmnunluğunun artmasına və səhiyyə sisteminə inamın daha da möhkəmlənməsinə xidmət edir.
Tibb ictimaiyyətinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm. Eyni zamanda, qərarın həyata keçirilməsi istiqamətində görülən işlərə görə TƏBİB-in İcraçı direktoru Anar Bayramova minnətdarlığımı ifadə edirəm. Bu mühüm qərar tibb işçilərinin əməyinə verilən dəyərin, onların sosial rifahının dövlət üçün prioritet istiqamətlərdən biri olduğunun və səhiyyənin inkişafına göstərilən davamlı diqqətin bariz nümunəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB