“Respirator viruslardan qorunmaq üçün əsasən gigiyenik tələblərə riayət etmək vacibdir” - HƏKİM

“Respirator viruslardan qorunmaq üçün əsasən gigiyenik tələblərə riayət etmək vacibdir” - HƏKİM

"Hazırda yay mövsümünün sonu olduğuna görə qrip və RSV (respirator sinsitial virus)-nin klassik payız-qış yüksəlişi hələ başlamayıb". Bu fikirləri SİA-ya açıqlamasında tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov bildirib.

Onun sözlərinə görə, lakin respirator virusların dövranı tam dayanmayıb: "Beynəlxalq monitorinqdə COVID-19 aktivliyində artım müşahidə olunur, qrip və RSV isə bir çox regionlarda aşağı səviyyədədir. Burada yalnız qrip virusunu düşünmək düzgün deyil. Mövsümi respirator infeksiyalar arasında SARS-CoV-2 (COVID-19), influenza virusları, RSV, rinoviruslar və enteroviruslar, adenoviruslar, paraqrip virusları, metapnevmovirus kimi çoxsaylı törədicilər iştirak edir. Eyni klinik mənzərəni – burun axması, boğaz ağrısı, öskürək, halsızlıq, hərarət – müxtəlif viruslar yarada bilər.

Payızın yaxınlaşması ilə epidemik vəziyyətin dəyişməsi mümkündür. Məktəblərin açılması, insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi və temperaturun aşağı düşməsi respirator virusların yayılmasını sürətləndirə bilər. İnsanlar özlərini bu viruslardan qorumaq üçün əsasən gigiyenik tələblərə riayət etməyi diqqət mərkəzində saxlamalıdırlar. Əlləri müntəzəm yumaq, xüsusilə ictimai nəqliyyatdan, mağazadan və insanların sıx olduğu yerlərdən sonra vacibdir. Əllərin müntəzəm yuyulması və antiseptiklərdən istifadə olunması virusların ötürülməsinin qarşısının alınmasında çox vacib, lakin bəzən unudulan tədbirdir. Otaqlar daim havalandırılmalıdır.

Bəzən insanlar özlərində bir qədər nasazlıq hiss etdikləri halda real vəziyyətə etinasız və biganə yanaşırlar. “Bir az soyuqlamışam, işə gedim” yanaşması yoluxmanın yayılmasına səbəb ola bilər. Hərarət, güclü öskürək və digər kəskin simptomlar zamanı mümkün qədər evdə qalmaq daha doğrudur. Xüsusilə yaşlılar, xroniki xəstəliyi olanlar, immun sistemi zəif şəxslər və körpələrlə təmas edən insanlar daha diqqətli olmalıdırlar. Respirator viruslar bu qrup insanlarda daha ağır xəstəlik törədə bilər. Qrip və COVID-19 üzrə mövcud vaksin tövsiyələri xüsusilə risk qrupları üçün əhəmiyyətlidir. Peyvəndin məqsədi yalnız yoluxmanın qarşısını almaq deyil, ağır xəstəlik, hospitalizasiya və ölüm riskini azaltmaqdır.

Antibiotikdən özbaşına istifadə edilməməlidir. Virus infeksiyasının böyük əksəriyyətində antibiotikin müalicəvi təsiri yoxdur. Antibiotik yalnız bakterial infeksiya ehtimalı və ya təsdiqi olduqda həkim tərəfindən təyin edilməlidir. Ayrı-ayrı şəxslər virus mənşəli qızdırmalar olduğu halda həkim məsləhəti olmadan dərhal antibiotiklər tətbiq edirlər. Bu, tamamilə yanlış yanaşmadır. Azyaşlılara tətbiq olunması isə yolverilməzdir.

Sadə virus infeksiyalarının əksəriyyəti öz-özünə sağalır. Amma nəfəs darlığı, döş qəfəsində ağrı, huşda dəyişiklik, ciddi halsızlıq, davamlı yüksək hərarət, susuzlaşma, göyərmə və ya vəziyyətin əvvəl yaxşılaşıb sonra yenidən pisləşməsi ciddi siqnal hesab edilməlidir. Xüsusilə körpələr, yaşlılar, hamilələr və xroniki ürək-ağciyər xəstəlikləri olan şəxslər daha diqqətlə müşahidə edilməlidirlər".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə