"Toxunduğunuz mövzu çox vacibdir və mən bu mövzu ilə bağlı bir neçə dəfə paylaşım etmişəm. İnhalyasiya aparatı çox sadə görünür, içərisindən buxar və ya aerozol çıxır". Bu sözləri SİA-ya açıqlamasında pulmonoloq, ağciyər həkimi, Referans Əhmədli filialının baş həkimi Əsəd Beydullayev deyib.
.jpg)
Onun sözlərinə görə, buna görə də bəzi insanlar onu adi və zərərsiz bir vasitə, hətta “qəlyan kimi” qəbul edirlər: "Lakin bu, düzgün yanaşma deyil.
İnhalyasiya ciddi müalicə üsuludur və kifayət qədər effektiv nəticə verə bilər. Buna görə də ondan özbaşına istifadə etmək olmaz. İnhalyasiya və istifadə olunan dərmanlar mütləq həkim tərəfindən təyin edilməlidir. Çünki bu dərmanların yan təsirləri var və həmin risklər nəzərə alınaraq xəstəyə uyğun preparat və doza seçilməlidir. Əks halda müxtəlif fəsadlar yarana bilər.
Hər öskürək zamanı inhalyasiyadan istifadə etmək də düzgün deyil. Əgər xəstədə astma fonunda öskürək yaranırsa, bu zaman inhalyasiya həkim tərəfindən düzgün müəyyən edilmiş preparat və dozada təyin olunduqda effektiv nəticə verə bilər. Əks halda onun heç bir faydası olmaya, hətta arzuolunmaz təsirlərə səbəb ola bilər.
Hazırda insanların dilində “inhalyasiya steroidləri” kimi ifadələr də geniş yayılıb. Bunlar hormonal tərkibli dərmanlardır və inhalyasiya yolu ilə tənəffüs yollarına çatdırılır. Lakin bu preparatlardan hər infeksion xəstəlik zamanı istifadə etmək düzgün deyil. Bəzi infeksion xəstəliklər zamanı inhalyasiya steroidlərinin istifadəsi xəstəliyin gedişatını ağırlaşdıra və müxtəlif fəsadlara səbəb ola bilər.
Digər qrup dərmanlar isə bronxodilatatorlardır. Bunlar bronxları genişləndirən və inhalyasiya yolu ilə qəbul edilən preparatlardır. Bu dərmanların da özbaşına istifadəsi düzgün deyil. Çünki bəzi bronxodilatatorlar ürəkdöyünməni artıra və ürək-damar sistemi ilə bağlı narahatlıqlara səbəb ola bilər. Xüsusilə ürək xəstəliyi və ya yanaşı ürək-damar problemi olan şəxslərdə bu məsələyə daha ciddi yanaşmaq lazımdır.
Qısası, inhalyasiya cihazının və onun vasitəsilə istifadə olunan dərmanların seçimi və tətbiqi yalnız həkim təyinatı əsasında həyata keçirilməlidir. İnhalyasiya sadə və zərərsiz bir prosedur kimi qəbul edilməməli, ciddi müalicə üsulu kimi qiymətləndirilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB