Yay aylarında qida təhlükəsizliyi: Qidaları necə düzgün saxlamalıyıq? - MÜTƏXƏSSİS AÇIQLADI

Yay aylarında qida təhlükəsizliyi: Qidaları necə düzgün saxlamalıyıq? - MÜTƏXƏSSİS AÇIQLADI

Yay mövsümündə havanın temperaturunun yüksəlməsi qidaların daha tez xarab olmasına və sağlamlıq üçün risk yaratmasına səbəb ola bilər. Xüsusilə açıq şəraitdə, günəş altında və ya lazımi temperatur rejimi təmin edilmədən satılan qida məhsulları bakteriyaların sürətlə çoxalması üçün əlverişli mühit yaradır.

Məsələ ilə bağlı qida mütəxəssisi Seymur Qafarov SİA-ya açıqlamasında bildirib ki, yaşayış yerlərində temperaturun yüksəlməsi, xüsusilə də salmonella, eşerixiya, stafilokok kimi bakteriyaların çoxalma sürətini kəskin artırdığından, qidaların saxlanması və istifadəsi zamanı xüsusilə diqqət yetirilməli məqamlar var:

“Bu məqamlar əsasən qida təhlükəsizliyi haqqında qanunun müəyyən tələblərində öz əksini tapır.

Yayda ən yüksək risk qrupuna daxil olan qidalar süd və süd məhsullarıdır. Açıqda saxlanan xama, şor, kəsmik və lazımi temperaturda saxlanmayan dondurmaları misal göstərmək olar.

Mayonezli və xamalı salatlar, yəni mayonez və xama tərkibli salatlar otaq temperaturunda qısa müddətdə qaldıqda belə bakteriyaları tez toplayan qarışıq salatlar qrupuna daxildir.

Kremli qənnadı məmulatlarında isə tərkibində yumurta və yağ olan tort, ekler və pirojnaları misal göstərmək olar. Çiy, az bişmiş ət və balıq məhsulları, xüsusən dəniz məhsulları, qiymə və toyuq məhsulları yay aylarında bakteriyaların çoxalmasının daha çox rast gəlinən faktorlarındandır.

Kəsilmiş meyvələrdə, açıq havada qalan qarpızda, yemişdə, günəş şüaları altında dilimlənmiş digər meyvələrin saxlanması da bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır.

Bu baxımdan qida zəhərlənmələrinin yaranmasının qarşısını almaq və bundan qorunmaq üçün bir sıra addımlar atılmalıdır. Təhlükəli temperatur zonası 5–60 dərəcə Selsi temperatur aralığıdır. Bu, beynəlxalq yanaşmada “Danger Zone” – təhlükə zonası adlanır.

Soyuq qidaların saxlanması üçün 0–4 dərəcə Selsi temperatur aralığına riayət edilməlidir. İsti yeməklər isə 75 dərəcə Selsidə 2 dəqiqə müddətində bişirilməlidir. Bu zaman tərkibdəki bakteriyalar zərərsiz hala gətirilə bilər. Yəni, insan sağlamlığı üçün hər hansı təhlükə yaratmır.

Ət məhsulları 75 dərəcə Selsi temperaturda minimum 2 dəqiqə bişməlidir. Saxlanması və servis olunması isə 60 dərəcə Selsidən yuxarı temperaturda həyata keçirilməlidir.

Havanın temperaturu 30 dərəcə Selsidən yuxarıdırsa, tez xarab olan qidaları soyuducudan kənarda maksimum 1 saat saxlamaq mümkündür. Bu da günəş şüalarının təsir etməməsi şərti ilə.

Çarpaz çirklənmənin qarşısını almaq üçün çiy ət və tərəvəzlər üçün ayrı kəsmə taxtalarından istifadə edilməlidir. Çiy ətin soyuducunun aşağı rəfində, bişmiş məhsulların isə yuxarı rəfində saxlanması daha uyğundur.

Çiy ətin aşağıda saxlanmasının səbəbi odur ki, əgər çiy ət yuxarıda, hazır qida məhsulu isə aşağı rəfdə saxlanarsa, çiy ətin şirəsi və suyu defrost zamanı axaraq bişmiş qidaya düşə bilər. Bu isə öz növbəsində həm çarpaz çirklənməyə, həm də qida təhlükəsizliyi prinsipini pozulmasına gətirib çıxarır”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə