“Hava dəyişməsi oynaq xəstəliyinin özünü deyil, simptomları gücləndirə bilər” - HƏKİM

“Hava dəyişməsi oynaq xəstəliyinin özünü deyil, simptomları gücləndirə bilər” - HƏKİM

"Hava şəraitinin kəskin dəyişməsi zamanı bəzi insanlarda oynaq ağrılarının artması real müşahidədir. Əgər oynaqda degenerativ və ya iltihabi dəyişiklik varsa, atmosfer təzyiqinin və temperaturun dəyişməsi ağrı reseptorlarının həssaslığını artıra bilər".

Bu fikirləri SİA-ya açıqlamasında tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov bildirib.

Onun sözlərinə görə, atmosfer təzyiqinin dəyişməsi oynaq ətrafı toxumalarda sıxılmalara və oynaq mayesində kiçik həcm dəyişikliklərinə səbəb olaraq həssas oynaqlarda ağrı hissini gücləndirə bilər:

"Həmçinin soyuq hava əzələ və damarların spazmına, toxumaların elastikliyinin azalmasına və ağrı həssaslığının artmasına səbəb ola bilər. Artroz, artrit və köhnə oynaq zədələri olan şəxslərdə rütubət və temperatur dəyişiklikləri simptomları daha da artıra bilər.

Fiziki aktivliyin azalması qan, limfa və toxuma mayesinin hərəkətinin zəifləməsinə səbəb olur. Nisbi durğunluq fonu yaranır və nəticədə toxumalarda üzvi turşuların miqdarı arta bilər. Bu da oynaq sərtliyini və ağrını gücləndirə bilər. Sınıq, bağ və menisk zədələri keçirmiş oynaqlar hava dəyişikliklərinə daha həssas ola bilər.

Xalq arasında “revmatizm” sözü çox geniş istifadə olunur. Halbuki oynaq ağrısının səbəbləri müxtəlif ola bilər. Ən çox rast gəlinən səbəblərdən biri osteoartritdir (artroz). Burada oynaq qığırdağında degenerativ dəyişikliklər baş verir və ağrı daha çox hərəkət və uzunmüddətli yüklənmə zamanı artır.

Digər tərəfdən, revmatik xəstəliklərdə — revmatoid artrit, psoriatik artrit və spondiloartritlərdə — ağrı ilə yanaşı oynaqda şişkinlik, istilik, uzunmüddətli səhər sərtliyi və bəzən digər sistemik əlamətlər də müşahidə oluna bilər.

Oynaq ağrısı keçmiş travmalar, əzələ və bağ problemləri, bursit, podaqra, bəzi infeksiyalar, artıq çəki, fiziki yüklənmə və hətta ağrıya qarşı fərdi həssaslığın artması fonunda da yarana bilər.

Hava dəyişəndə yaranan və qısa müddətdə keçən yüngül ağrı çox vaxt ciddi xəstəliyin göstəricisi olmur. Lakin oynaqda şişkinlik və qızartı varsa, toxunduqda istilik hiss olunursa, səhər sərtliyi 30–60 dəqiqədən çox davam edirsə, ağrı davamlıdırsa və getdikcə artırsa, bir neçə oynaq eyni vaxtda ağrıyırsa, qızdırma, halsızlıq, səbəbsiz çəki itkisi kimi əlamətlər müşahidə olunursa və ya oynaq hərəkəti məhdudlaşırsa, məsələni sadəcə “hava dəyişdi, ona görə ağrıyır” kimi qiymətləndirmək olmaz.

Hava dəyişməsi adətən oynaq xəstəliyinin özü deyil, mövcud oynaq və yumşaq toxuma problemlərinin simptomlarını üzə çıxaran və ya gücləndirən amil kimi çıxış edir. Hava dəyişəndə ağrı yaranması öz-özlüyündə revmatizm diaqnozu qoymağa əsas vermir".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə