Protein tozları və digər protein əlavələri son illərdə həm idmançılar, həm də sağlam həyat tərzinə üstünlük verən insanlar arasında geniş yayılıb. Bəs bu məhsullar həqiqətən orqanizmin protein ehtiyacını ödəməyə və idman nəticələrini yaxşılaşdırmağa kömək edir, yoxsa onların populyarlığı əsasən uğurlu marketinq strategiyalarının nəticəsidir?
Məsələ ilə bağlı qida mütəxəssisi Seymur Qafarov SİA-ya açıqlamasında bildirib ki, bu məhsullar ətrafında formalaşan bir sıra marketinq kampaniyaları və müəyyən müzakirələr var:
“Burada həm marketinq, həm də faydalı tərəflərlə bağlı bir sıra məqamlar mövcuddur.
Protein tozları nə idman nəticələrinin sehrli eliksiridir, nə də bəzilərinin iddia etdiyi kimi tamamilə faydasız marketinq məhsuludur. Bu məhsullar sadəcə konsentrasiya olunmuş qidadır.
Onların mahiyyətini və marketinq tərəfini ayırd etmək üçün məsələyə əsasən iki prizmadan, iki bucaqdan baxmaq lazımdır. Protein tozlarının real faydası ondadır ki, zülal bədənin, xüsusilə də əzələlərin bərpası və böyüməsi üçün əsas tikinti materialıdır. Məşqdən dərhal sonra və ya sıx iş rejimində 150-200 qram toyuq döşü və yumurta yemək hər zaman mümkün olmur.
Protein şeykləri bir dəqiqədə hazırlanıb içilir və buna yaxın fayda verir. Yəni toyuq döşünə və yumurtaya olan zülal tələbatını ödəyə bilir. Həmçinin yüksək bioloji dəyərə malik olması baxımından, xüsusilə də zərdab proteini, adətən “whey protein” adlanır, həzm baxımından çox sürətlidir və əzələ sintezini işə salan leysin kimi vacib amin turşuları ilə zəngindir.
Gündəlik zülal hədəfi olaraq idmanla məşğul olan şəxs çəkisinin hər kiloqramına görə təxminən 1,6-2,2 qram zülal qəbul etməlidir. Müntəzəm qidalarla bu miqdarı toplamaq bəzən mədəni həddindən artıq yükləyə bilər. Protein tozu isə əlavə kalori və yağ almadan bu boşluğu doldurur.
Marketinq şişirtmələri, yəni mif tərəfi də mövcuddur. Böyük idman qidası brendləri bu məhsulları satmaq üçün bəzi faktları şişirdirlər. Məsələn, “proteinsiz əzələ yığmaq olmaz”. Əgər siz gündəlik zülal ehtiyacınızı yumurta, ət, balıq, kəsmik və ya paxlalılar kimi təbii qidalardan tam alırsınızsa, əlavə protein tozuna heç bir ehtiyacınız yoxdur.
Protein tozu, adından da göründüyü kimi, sadəcə əlavədir. “Supplement” kimi istifadə olunur. Burada sehrli təsir gözləntisi ilə bağlı da bir mif mövcuddur. Bu, marketinq kampaniyalarının elə təsəvvür yaratmasıdır ki, bu tozu içən kimi əzələlər sürətlə böyüyür. Reallıqda isə bədən üçün tozdan gələn zülalla toyuqdan gələn zülal arasında ciddi fərq olmur.
Üçüncü məsələ tərkib hiylələri ilə bağlıdır. Bəzi aşağı keyfiyyətli brendlər məhsulun dadını yaxşılaşdırmaq üçün tərkibə bol miqdarda şəkər, süni dadlandırıcı və ya ucuz doldurucu amin turşuları əlavə edirlər. Bu da yenə dediyimiz kimi, birdən-birə bədənin idmançı nöqteyi-nəzərindən şişib böyüməsi mifini yalanlayır.
Protein tozu, yekun olaraq, dərman və ya kimyəvi maddə deyil, südün emalı zamanı ayrılan zərdabın toz halına salınmış formasıdır və sağlam insan üçün zərərli deyil. Əgər böyrək və qaraciyər xəstəliyiniz yoxdursa, idman nəticələrinizə ciddi şəkildə rahatlıq gətirə bilər. Lakin o, heç vaxt keyfiyyətli və müxtəlif təbii qidalanmanı 100 faiz əvəz edə bilməz.
Hazırda müntəzəm idmanla məşğul olanlar protein tozundan istifadə edə bilərlər. Lakin yaxşı olar ki, ilk növbədə gündəlik zülal tələbatlarını ağartı məhsulları, paxlalılar, süd, yumurta və toyuq döşü kimi təbii qidalarla ödəsinlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB