“Əməliyyat müalicənin sonu deyil, düzgün reabilitasiyanın başlanğıcıdır” - HƏKİM
"Əməliyyat bir çox hallarda müalicənin son mərhələsi deyil, əksinə, sağalma və reabilitasiya prosesinin başlanğıcıdır. Xüsusilə diz, çiyin, bel, bud-çanaq və digər dayaq-hərəkət sistemi əməliyyatlarından sonra xəstənin əvvəlki funksional vəziyyətinə qayıtması üçün fizioterapiya və reabilitasiya mühüm əhəmiyyət daşıyır". Bu sözləri SİA-ya açıqlamasında Həkim fizioterapevt Şəhla Qafarova deyib.
.jpg)
Onun sözlərinə görə, fizioterapiyaya nə vaxt başlamaq lazımdır?
"Bu suala bütün xəstələr üçün eyni cavabı vermək mümkün deyil. Reabilitasiyanın başlanma müddəti əməliyyatın növündən, toxumaların vəziyyətindən, cərrahın göstərişlərindən və xəstənin ümumi sağlamlıq durumundan asılıdır Lakin həkim tərəfindən hər hansı əks göstəriş yoxdursa, reabilitasiyanın lazımsız yerə uzun müddət təxirə salınması arzuolunan deyil.
Gecikmiş reabilitasiya hansı problemlərə səbəb ola bilər?
Əməliyyatdan sonra insanın hərəkətliliyi azalır. Uzun müddət hərəkətsiz qalmaq əzələlərin zəifləməsinə, oynağın hərəkət amplitudasının azalmasına və gündəlik fəaliyyətlərin çətinləşməsinə səbəb ola bilər. Bəzi hallarda oynaq ətrafında sərtlik və yumşaq toxumalarda gərginlik də yarana bilər.
Məsələn, diz əməliyyatından sonra dizin uzun müddət hərəkətsiz saxlanılması onun bükülməsi və açılmasının məhdudlaşmasına gətirib çıxara bilər. Çiyin əməliyyatlarından sonra isə düzgün zamanda və düzgün dozada hərəkətlərin başlanmaması çiyində sərtlik yaranması riskini artıra bilər.
Bel əməliyyatlarından sonra məqsəd yalnız ağrını azaltmaq deyil. Əsas hədəflərdən biri xəstənin təhlükəsiz şəkildə gündəlik fəaliyyətinə qayıtmasına, düzgün hərəkət vərdişlərinin formalaşmasına və əzələ funksiyasının bərpasına kömək etməkdir.
Cəmiyyətdə fizioterapiya bəzən yalnız aparat prosedurları ilə əlaqələndirilir. Halbuki müasir reabilitasiyanın əsas komponentlərindən biri terapevtik hərəkətlərdir.
Fizioterapevt xəstənin vəziyyətini qiymətləndirərək ona uyğun reabilitasiya proqramı hazırlaya bilər. Bu proqramın tərkibinə xəstənin vəziyyətindən asılı olaraq müxtəlif bərpa müalicəsi üsulları daxil edilə bilər.
Aparat fizioterapiyası isə xəstənin ehtiyacından və tibbi göstərişlərdən asılı olaraq reabilitasiya proqramına əlavə vasitə kimi seçilə bilər.
Burada əsas məqam reabilitasiyaya mümkün qədər tez başlamaq deyil, doğru zamanda və düzgün dozada başlamaqdır.
Hər əməliyyatın özünəməxsus bərpa protokolu var. Məsələn, bəzi əməliyyatlardan sonra erkən hərəkət xüsusi olaraq tövsiyə edilir, digər əməliyyatlarda isə müəyyən müddət ərzində hərəkət məhdudlaşdırıla bilər. Buna görə xəstə özbaşına məşq proqramı hazırlamamalı, cərrahın göstərişlərini fizioterapevtin qiymətləndirməsi ilə birlikdə nəzərə almalıdır.
Reabilitasiya xəstənin aktiv iştirakını da tələb edir
Fizioterapiyanın uğuru yalnız klinikada həyata keçirilən prosedurlardan asılı deyil. Xəstənin evdə verilən məşqləri düzgün yerinə yetirməsi, həkim və fizioterapevtin tövsiyələrinə əməl etməsi və bərpa prosesinə səbirli yanaşması da böyük əhəmiyyət daşıyır.
Əməliyyatdan sonra məqsəd sadəcə ağrının aradan qalxması deyil. Əsas məqsəd xəstənin mümkün qədər təhlükəsiz şəkildə əvvəlki funksional həyatına qayıtmasıdır.
Unutmayaq ki, əməliyyat problemin həllində mühüm addım ola bilər. Lakin düzgün planlaşdırılmış reabilitasiya əldə olunan nəticənin qorunması və funksiyanın bərpası baxımından ən vacib mərhələlərdən biridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB