“Saç tökülməsinin səbəbi müəyyən edilmədən vitamin qəbul etmək düzgün yanaşma deyil” -DERMATONEVEROLOQ

“Saç tökülməsinin səbəbi müəyyən edilmədən vitamin qəbul etmək düzgün yanaşma deyil” -DERMATONEVEROLOQ

"Son dövrlərdə işlədiyim Sumqayıt xəstəxanasında mənə gün ərzində 40 və ya 45 pasiyent saç tökülməsi ilə bağlı müraciət edir. Deyə bilərəm ki, əvvəllər bu problemə daha yetkin yaşlarda rast gəlirdiksə, indi yeniyetmələr və uşaqlar da bu siyahıda yer alır". Bu fikirləri SİA-ya açıqlamasında dermatoveneroloq Xəyalə Hüseynova deyib.

Onun sözlərinə görə, bunun əsas səbəbləri arasında hormonal dəyişikliklər, vitamin və mineral çatışmazlıqları, stress, yuxu pozğunluqları, düzgün qidalanmama, bəzi dərman preparatlarının qəbulu, infeksiyalar və mövsümi amillər yer alır:

"Stress saç tökülməsinin ən vacib səbəblərindən biridir. Güclü emosional və ya fiziki stressdən təxminən 2–3 ay sonra diffuz saç tökülməsi (telogen effluvium) başlaya bilər. Həmçinin qalxanabənzər vəz xəstəlikləri, doğuşdan sonrakı hormonal dəyişikliklər, menopauza, polikistik yumurtalıq sindromu və androgenetik alopesiya kimi hormonal faktorlar da saç tökülməsində mühüm rol oynayır.

Vitamin və mineral çatışmazlıqları, xüsusilə də dəmir (ferritin), D vitamini, B12 vitamini, fol turşusu və sink səviyyəsinin aşağı olması saçların zəifləməsinə və tökülməsinə səbəb ola bilər. Lakin qeyd etmək lazımdır ki, hər saç tökülməsi vitamin çatışmazlığı ilə əlaqəli olmur. Buna görə də səbəbi müəyyən etmədən özbaşına vitamin qəbul etmək düzgün yanaşma deyil.

Saç tökülməsinin uğurlu müalicəsi üçün ilk növbədə dəqiq diaqnoz qoyulmalı, səbəb araşdırılmalı və müalicə fərdiləşdirilməlidir".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə