Bəziləri səhər yeməyini günün ən vacib qidası hesab edir, bəziləri isə vaxt çatışmazlığı səbəbindən bu qidanı tez-tez ötürür. Xüsusilə işə və ya dərsə tələsən insanlar səhər yeməyinə kifayət qədər vaxt ayırmırlar. Bəs səhər yeməyini buraxmaq həqiqətən sağlamlığımıza mənfi təsir edir, yoxsa bu sadəcə bir vərdiş məsələsidir? Səhər yeməyindən imtina etmək sağlamlığa zərərlidirmi? Sağlam səhər yeməyində hansı qidalar mütləq olmalıdır? Arıqlamaq istəyən insanlar səhər yeməyini azaltmalıdır, yoxsa əksinə, mütləq yeməlidir?
Məsələ ilə bağlı qida mütəxəssisi Seymur Qafarov SİA-ya açıqlamasında bildirib ki, gündəlik qida qəbulu müəyyən rasion üzrə aparılmalıdır:
“Gündəlik qida və enerji tələbatının ödənilməsi üçün səhər yeməyi əvəzolunmazdır. Səhər yeməyi günün erkən saatlarında qəbul olunmalı və səhər yeməyi ilə nahar arasındakı vaxt çox uzun olmamalıdır.
İki əsas qida qəbulu arasında yüngül ara yeməyi, çay və ya qəhvə qəbul etmək məqsədəuyğundur. Əgər arıqlamaq və ya hər hansı pəhriz proqramı səbəbindən səhər yeməyindən imtina edilərsə, bu zaman nahar və axşam yeməklərində həddindən artıq qida qəbulu baş verir. Bu isə mədə-bağırsaq sistemi, həzm sistemi və sinir sistemi ilə bağlı problemlərə səbəb ola, mədəyə mənfi təsir göstərə bilər.
Səhər yeməyində daha çox yüngül və faydalı qidalara üstünlük verilməlidir. Milli mətbəximizə uyğun olaraq yağ, pendir, yumurta kimi qidalardan istifadə etmək məqsədəuyğundur. Tərkibində çox şəkər olan qidalardan isə mümkün qədər imtina edilməlidir. Ağır və fast-food tipli qidalar əvəzinə pomidor, xiyar və digər tərəvəzlərdən istifadə olunması tövsiyə edilir.
Səhər yeməyində şəkərli məhsulların həddindən artıq qəbulu gün ərzində, xüsusilə nahar və axşam yeməklərinin həzmində çətinlik yarada bilər. Buna görə də liflə zəngin qidalar, tərəvəz və meyvələrin qəbuluna üstünlük verilməsi tövsiyə olunur. Meyvələrin isə səhər yeməyindən təxminən 30 dəqiqə sonra qəbul edilməsi daha məqsədəuyğundur.
Səhər yeməyindən tamamilə imtina etmək insan sağlamlığına müəyyən zərər vura bilər. Buna görə də pəhriz proqramları mütləq mütəxəssis və ya həkim məsləhəti əsasında fərdi şəkildə tərtib olunmalıdır.
Bundan əlavə, səhər yeməyində istifadə olunan konservləşdirilmiş qidaların seçilməsi zamanı “Qida təhlükəsizliyi haqqında” qanunun müvafiq tələblərinə uyğun olaraq məhsulun istehsal və son istifadə tarixinə, istehsalçı şirkət haqqında məlumatlara, həmçinin 100 qram məhsulun qida və enerji dəyərinə diqqət yetirilməlidir. Məhsullar gündəlik kalori normasına uyğun şəkildə qəbul edilməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB