Autoimmun xəstəlik nədir və niyə qadınlarda daha çox rast gəlinir? - HƏKİM AÇIQLADI

Autoimmun xəstəlik nədir və niyə qadınlarda daha çox rast gəlinir? - HƏKİM AÇIQLADI

Autoimmun xəstəlik dedikdə, immun sisteminin orqanizmi xarici təsirlərdən qorumaq əvəzinə, öz sağlam hüceyrə və toxumalarını yad qəbul edərək onlara hücum etməsi nəzərdə tutulur. Sadə dillə desək, bu, bədənin özünə qarşı mübarizə aparmasıdır.

Bu sözləri Operativ Media-ya ginekoloq Nailə Əzizova deyib.

O bildirib ki, normal şəraitdə immun sistemi orqanizmə daxil olan virus, bakteriya və digər yad mikroorqanizmləri məhv edir. Lakin bəzi hallarda bu sistemdə pozğunluq yaranır və immun hüceyrələri sağlam orqan və toxumaları hədəfə alaraq müxtəlif autoimmun xəstəliklərin inkişafına səbəb olur:

“Bu xəstəliklərin yaranmasına bir sıra amillər təsir göstərir. Bunlara genetik meyillilik, hormonal dəyişikliklər, xroniki stress, yuxusuzluq, qeyri-sağlam qidalanma, ətraf mühit faktorları və bəzi hallarda səbəbi tam müəyyən edilməyən mexanizmlər daxildir.

Son illərdə autoimmun xəstəliklərin daha çox qeydə alınması həm müasir diaqnostika üsullarının inkişafı, həm də risk faktorlarının artması ilə əlaqələndirilir. Bu gün qanda müxtəlif anticisimlərin təyin edilməsi sayəsində xəstəlikləri daha erkən mərhələdə aşkarlamaq mümkündür.

Autoimmun proses müxtəlif orqanları zədələyə bilər. Məsələn, qalxanabənzər vəzə təsir etdikdə Haşimoto tireoiditi və ya Qreyvs xəstəliyi yarana bilər. Yumurtalıqlar zədələndikdə hormonal pozğunluqlar, menstrual siklin dəyişməsi, sonsuzluq, saç tökülməsi, çəki artımı və erkən menopauza riski meydana çıxır.

İmmun sistemi oynaqlara hücum etdikdə revmatoid artrit, bağırsaqlara təsir etdikdə Kron xəstəliyi və ya xoralı kolit (ülserativ kolit), dəriyə təsir etdikdə isə vitiliqo və psoriaz kimi xəstəliklər inkişaf edə bilər.

Statistik göstəricilərə görə, autoimmun xəstəliklər qadınlarda kişilərə nisbətən təxminən üç dəfə daha çox rast gəlinir. Bunun əsas səbəbləri hormonal dəyişikliklər, hamiləlik və doğuş dövrü, eləcə də qadınların stress və digər risk faktorlarına daha çox məruz qalması ilə əlaqələndirilir.

Xəstəliyin əlamətləri zədələnən orqandan asılı olaraq dəyişir. Ümumi simptomlar arasında davamlı yorğunluq, halsızlıq, oynaq ağrıları, həzm pozğunluqları, saç tökülməsi, dəri dəyişiklikləri, aybaşı pozğunluğu və reproduktiv problemlər yer alır.

Autoimmun xəstəliklər tam sağalan xəstəliklər olmasa da, müasir tibbdə onların gedişatını nəzarətdə saxlamaq mümkündür. Müalicədə immun sistemini tənzimləyən preparatlar, hormonal terapiya və simptomlara uyğun dərmanlardan istifadə edilir. Erkən diaqnoz və düzgün müalicə xəstələrin normal həyat keyfiyyətini uzun illər qorumağa imkan verir.

Sağlam qidalanma, fiziki aktivlik, keyfiyyətli yuxu, stressin idarə olunması və ətraf mühit amillərinin mümkün qədər azaldılması autoimmun xəstəliklərin yaranma riskini azaltmağa kömək edə bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə