Dr. Təranə Bayramova Birmingham Women’s and Children’s NHS Foundation Trust xəstəxanasının Kolposkopiya Klinikasında aparılan müayinə, diaqnostika və müalicə proseslərini izləyib
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi, mama-ginekoloq Təranə Bayramova Mərkəzi Gömrük Hospitalı ilə Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyası arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində Böyük Britaniyanın Birmingham Women’s and Children’s NHS Foundation Trust xəstəxanasında keçirilən beynəlxalq təkmilləşmə proqramında iştirakını davam etdirir.
Təcrübə proqramı çərçivəsində Dr. Təranə Bayramova Birmingham Women’s and Children’s NHS Foundation Trust xəstəxanasının Colposcopy Clinic (Kolposkopiya Klinikası) fəaliyyətini də yaxından izləyib. Klinikada uşaqlıq boynu patologiyalarının erkən diaqnostikası, kolposkopik müayinə üsulları, biopsiya prosedurlarının icrası, pasiyentlərin qiymətləndirilməsi və müasir müalicə alqoritmləri ilə tanış olub.
Dr. Təranə Bayramova klinik müşahidələr zamanı kolposkopiya xidmətinin təşkili, multidissiplinar komanda əməkdaşlığı, beynəlxalq klinik protokolların tətbiqi, keyfiyyət və pasiyent təhlükəsizliyi standartları, eləcə də uşaqlıq boynu xərçənginin erkən aşkarlanması və profilaktikasına yönəlmiş müasir yanaşmaları öyrənib. Təcrübə proqramı çərçivəsində əldə olunan bilik və praktiki bacarıqların gələcəkdə ölkəmizdə qadın sağlamlığının qorunması, erkən diaqnostikanın gücləndirilməsi və mama-ginekoloji xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində mühüm töhfə verəcəyi gözlənilir.
Təkmilləşmə proqramının həyata keçirilməsində və təşkilati məsələlərin əlaqələndirilməsində Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyasının rəhbəri, Birmingham Women’s and Children’s NHS Foundation Trust xəstəxanasının mama-ginekoloqu Dr. Fidan İsrafilbəylinin fəal dəstəyi mühüm rol oynayır.
Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalı ilə Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyası arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilən beynəlxalq təkmilləşmə proqramı həkimlərin Böyük Britaniyanın qabaqcıl tibb müəssisələrində müasir klinik yanaşmalar, innovativ texnologiyalar və beynəlxalq müalicə protokolları ilə yaxından tanış olmasına, peşəkar bilik və bacarıqlarını inkişaf etdirməsinə geniş imkan yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB