Xankəndidə səyyar tibbi müayinə aksiyası keçirilib

Xankəndidə səyyar tibbi müayinə aksiyası keçirilib

"Böyük Qayıdış" Proqramı çərçivəsində növbəti səyyar tibbi müayinə aksiyası Xankəndi şəhərində təşkil olunub.

SİA xəbər verir ki, bu barədə Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedləri, fizioterapevtləri, pediatr və infeksionist həkimlərin iştirakı ilə keçirilən aksiya zamanı Xankəndidə ödənişsiz tibbi müayinələr aparılıb.

Müayinələr çərçivəsində dayaq-hərəkət sistemi xəstəlikləri, sümük və oynaq patologiyaları, onurğa problemləri, posttravmatik vəziyyətlər, uşaqların sağlamlıq vəziyyəti, eləcə də infeksion xəstəliklərlə bağlı müayinələr həyata keçirilib.

Fizioterapevtlər tərəfindən reabilitasiya tədbirləri aparılıb, hərəkət funksiyalarının bərpası və gündəlik həyat keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı fərdi tövsiyələr təqdim olunub.

Aksiya zamanı 200-ə yaxın Xankəndi sakini müayinə edilərək konsultasiya və tibbi xidmətlərdən faydalanıb. Sakinlər göstərilən tibbi xidmətin operativ təşkilini və həkimlərin peşəkar yanaşmasını yüksək qiymətləndirərək, belə aksiyaların regionda yaşayan əhali üçün mühüm əhəmiyyət daşıdığını bildiriblər.

Səyyar tibbi müayinələrin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə yaşayan əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması, ixtisaslaşmış tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi və reabilitasiya xidmətlərinin əlçatanlığının təmin edilməsidir.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən "Böyük Qayıdış" Proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə mütəmadi olaraq müxtəlif ixtisaslar üzrə səyyar tibbi müayinə və maarifləndirici aksiyalar təşkil edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə