Arıqlaya bilməməyin səbəblərini anlamaq üçün hansı analizləri verməliyik? - AÇIQLANDI
Bir çox insan düşünür ki, arıqlaya bilməməyin əsas səbəbi yalnız çox yemək və ya az hərəkət etməkdir. Halbuki bəzi hallarda çəki itkisinin qarşısını alan hormonal, metabolik, iltihabi və ya qidalanma ilə bağlı problemlər də ola bilər.
Bu sözləri SİA-ya dietoloq Ceyhunə Yusifova deyib.

O bildirib ki, bu səbəbdən uzun müddət düzgün qidalanma və fiziki aktivliyə baxmayaraq çəki azalmırsa, mütləq həkim müayinəsi və laborator analizlərdən keçmək tövsiyə olunur:
1. Qan şəkəri və insulin mübadiləsinin qiymətləndirilməsi
Artıq çəki və xüsusilə qarın piylənməsi olan insanlarda insulin dirənci çox rast gəlinir. İnsulin yüksək olduqda orqanizm yağ yandırmaqda çətinlik çəkə bilər.
Bu məqsədlə aşağıdakı analizlər istənilə bilər:
- Acqarına qlükoza
- Acqarına insulin
- HOMA-IR hesablanması
- HbA1c (son 3 aylıq orta qan şəkəri)
Bu göstəricilər diabet və ya insulin dirənci riskini müəyyən etməyə kömək edir.
2. Qalxanabənzər vəzin funksiyası
Qalxanabənzər vəz hormonlarının azalması maddələr mübadiləsini yavaşıda, halsızlıq, ödem və çəki artımına səbəb ola bilər.
Qiymətləndirilən analizlər:
- TSH
- Sərbəst T4 (Free T4)
- Lazım olduqda Sərbəst T3 (Free T3)
- Anti-TPO
- Anti-TG
Autoimmun Haşimoto xəstəliyi də arıqlama prosesini çətinləşdirə bilər.
3. Vitamin və mineral çatışmazlıqları
Bəzi vitamin və mineral çatışmazlıqları enerji mübadiləsini zəiflədə, fiziki aktivliyi azalda və metabolizmaya mənfi təsir göstərə bilər.
Ən vacib analizlər:
- Vitamin D
- Vitamin B12
- Ferritin
- Dəmir
- Fol turşusu
- Maqnezium (lazım gəldikdə)
4. Qaraciyər və böyrək funksiyaları
Metabolik sağlamlığın qiymətləndirilməsi üçün aşağıdakı göstəricilər faydalıdır:
- ALT
- AST
- GGT
- Kreatinin
- Sidik cövhəri (Urea)
Çünki qaraciyər piylənməsi və bəzi böyrək problemləri ümumi sağlamlığa və müalicə planına təsir göstərə bilər.
5. Lipid profili
Çəki problemi olan şəxslərdə ürək-damar riskini qiymətləndirmək üçün:
- Ümumi xolesterin
- LDL
- HDL
- Triqliseridlər
mütləq yoxlanmalıdır.
6. Qadınlarda hormonal müayinələr
Xüsusilə menstrual pozğunluğu, tüklənmə, sonsuzluq və ya sürətli çəki artımı olan qadınlarda hormonal qiymətləndirmə vacibdir.
Həkimin qərarına əsasən:
- LH
- FSH
- Estradiol
- Progesteron
- Prolaktin
- Total və sərbəst testosteron
- DHEA-S
- SHBG
Bu analizlər xüsusilə polikistik yumurtalıq sindromunun (PCOS) diaqnostikasında əhəmiyyət daşıyır.
7. Stress hormonları
Xroniki stress, yuxusuzluq və uzunmüddətli gərginlik bəzi insanlarda kortizol səviyyəsinin dəyişməsinə səbəb ola bilər. Lazım olduqda həkim:
- Kortizol
analizini də tövsiyə edə bilər.
8. İltihab göstəriciləri
Bədəndə gizli iltihab da metabolik sağlamlığa təsir göstərə bilər.
Bunun üçün:
- CRP (xüsusilə yüksək həssaslıqlı CRP)
istənilə bilər.
Hər kəs eyni analizləri verməlidirmi?
Xeyr. Hər pasiyent üçün eyni analiz siyahısı uyğun deyil. Analizlər insanın yaşı, cinsi, şikayətləri, xəstəlikləri, istifadə etdiyi dərmanlar, ailə anamnezi və klinik müayinəsinə əsasən fərdi şəkildə seçilməlidir. Lazımsız analizlərin verilməsi həm maddi yük yaradır, həm də yanlış nəticələrin şərhinə səbəb ola bilər.
Arıqlamaq təkcə kaloridən ibarət deyil. Hormonal pozğunluqlar, insulin dirənci, qalxanabənzər vəzi xəstəlikləri, vitamin-mineral çatışmazlıqları, yuxu problemləri, stress, bəzi dərmanlar və həyat tərzi faktorları çəki idarəetməsinə ciddi təsir göstərə bilər. Buna görə də uzun müddət düzgün qidalanma və fiziki aktivliyə baxmayaraq çəki azalması baş vermirsə, mütləq həkim və dietoloq tərəfindən ətraflı qiymətləndirmə aparılmalı, ehtiyac olduqda laborator analizlər təyin edilməlidir. Doğru diaqnoz qoyulmadan yalnız pəhriz dəyişiklikləri ilə istənilən nəticəni əldə etmək hər zaman mümkün olmur”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB