"Bugün sosial media vasitəsilə onlayn qida satışı həyata keçirən çoxlu fərdi səhifələr mövcuddur. Lakin bu satışların çoxu qeyri-rəsmi şəkildə aparıldığından, hazırlanan məhsulların təhlükəsizliyi ilə bağlı ciddi suallar meydana çıxır". Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.
Onun sözlərinə görə, qidaların hansı məhsullardan hazırlandığı, onların keyfiyyəti, mənşəyi barədə rəsmi məlumat olmur:
"Sadəcə satıcının sözlərinə güvənilir. Bu məhsullar heç bir rəsmi nəzarətdən keçmədiyi üçün onların sanitariya və gigiyena tələblərinə uyğun olub-olmaması bəlli deyil. Daha cəlbedici görünməsi üçün bəzi hallarda qidaya allergenlər, konservantlar, süni qatqılar və qeyri-qida boyaları əlavə edilir. Xüsusilə unlu şirniyyatlarda məhsulun təzə olub-olmadığını ayırd etmək çətin olur. Bu isə həzm pozğunluğu və digər sağlamlıq problemlərinə səbəb ola bilər. Qidanın hansı şəraitdə, kim tərəfindən və hansı gigiyenik səviyyədə hazırlandığı məlum deyil. Məhsul kiflənmiş və ya xarab olmasa da, mikrobik çirklənməyə məruz qalmış ola bilər. Bu isə xüsusilə azyaşlılar, yaşlılar və immun sistemi zəif olan insanlar üçün ciddi təhlükədir. Bəzi hallarda süni rəylərlə və reklamla alıcılar aldadılır və məhsulların sağlamlıq üçün “təhlükəsiz” olduğu təəssüratı yaradılır. Belə məhsullarla bağlı xoşagəlməz hallar baş verdikdə, insanlar hara və necə şikayət edəcəklərini də bilmirlər. Belə satışlar zamanı məhsullar toz, istilik və digər çirklənmələrə məruz qalır, bu isə qidanın təhlükəliliyini daha da artırır. Qida məhsulları yalnız etibarlı, mənşəyi və istehsal şəraiti məlum olan, rəsmi nəzarətdən keçmiş mənbələrdən alınmalıdır. Sosial şəbəkələrdə rast gəlinən, şübhəli mənşəyə malik məhsulların alınması sağlamlıq üçün ciddi təhlükə yarada bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə